Nə günlərimiz vardı bizim… Yenə də var əlbəttə — VİDEO

SİYASƏT 05 iyl 2020, 19:14

İndi dəyərli oxucularımıza qısa bir video təqdim edəcəyik. 22 sentyabr 2016-cı ildə Varşavada çəkilib. O günlərdə də bunun haqqında yazmışdıq. Lakin texniki səbəblərdən videonu təqdim edə bilmədiyimiz üçün qısa kəsməli olmuşduq. İndi isə – aradan 4 il keçdikdən sonra o video dəyərli bir xanımın hesabına bizim üçün əlçatan oldu və yenidən üzərinə qayıtmağı lazım bildik.

 

Qeyd olunan günlərdə Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun növbəti illik toplantısı keçirilirdi. Biz də hər zamankı kimi orda iştirak edirdik. Təbii ki, fürsəti əldən vermir, hər bir sessiyada çıxış edirdik. Bu çıxış da elə çıxışlardan sadəcə birisidir.

 

Lakin mövzusu olduqca vacib və fərqlidir. (Onsuz da biz beynəlxalq platformalarda həmişə vacib mövzularda çıxış edirik. – A.H.) Çıxış ingiliscədir və yəqin ki, oxucularımızın hamısı nə deyildiyini tam anlamaya bilər. O üzdən məğzini qısa şəkildə təqdim edirik. Onu da qeyd edək ki, video texniki qüsurlu olduğu üçün səs və ardıcıllıq problemi də var.

 

Orada olmayanlar üçün aydın olsun deyə, nə baş verdiyini də qeyd etmək istərdik. Bu tip toplantılarda konkret mövzular olur, dövlət təmsilçilərilə yanaşı bizim kimi vətəndaş cəmiyyəti və media nümayəndələri də öncədən qeydiyyatdan keçməklə tədbirlərdə iştirak və çıxış edə bilirlər.

 

Bu videodan da anlaşıldığı kimi, bizə qədər çıxış edənlərdən birisi özünü Dağlıq Qarabağın maraqlarının qoruyucusu kimi təqdim etmişdi. Almaniyadan olan bir erməni idi. Biz onun çıxışına və ümumiyyətlə iştirakına etiraz etmişdik. Əsasımız da bu idi ki, işğal altındakı bölücü bölgənin təmsilçisi ATƏT kimi bir təşkilatın tribunasından belə rahatlıqla istifadə etməməlidir. Bu dəfə mövzu fərqli olduğu üçün məsələnin üzərində geniş dayana bilməsək də qısa şəkildə təkrar etirazımızı dilə gətirmə fürsətindən də yararlanmışdıq.

 

Çıxışın əvvəlində Xədicə İsmayıl məsələsinə toxunuruq. Oradakı ovqatı bilməyənlər üçün belə yanaşmamız bəlkə də bir az qəribə ola bilər. Lakin biz bir qayda olaraq davamlı şəkildə belə tədbirlərə qatıldığımız üçün belə manevrlər də etməyə gərək duyuruq.

 

Söhbət əsasən öldürülmüş jurnalistlərdən gedir. O vaxtlarda ATƏT-in media azadlığı üzrə nümayəndasi olan xanım Dunya Miyatoviç öz çıxışında öldürülmüş Azərbaycanlı jurnalist Elmar Hüseynovun məsələsini də dilə gətirmişdi. Lakin ona qədər öldürülmüş Azərbaycanlı jurnalistlər haqqında bir kəlmə də deməmişdi. Auditoriyada da belə rəy yaranırdı ki, Azərbaycanda öldürülmüş jurnalist yalnız Elmar Hüseynov olub. Biz də auditoriyanı və xanım Miyatoviçi bilgiləndirmək, eləcə də Ermənistanın işğal faktına diqqət çəkmək üçün videoda görünən üsuldan istifadə etməli olduq.

 

Elmar Hüseynovu qeyd etdiyi üçün Miyatoviçə təşəkkür etməklə bərabər bildirdim ki, Azərbaycanda öldürülmüş jurnalist təkcə o deyil. Ona qədər də həm yerli, həm xarici jurnalistlər öldürülüb və mən ayağa qalxaraq onların adlarını təqdim etmək istərdim. (ATƏT-in bu tədbirinin qaydalarına görə yalnız oturaraq danışmaq olar. Mənsə jurnalistlərin xatirəsi üçün ayağa qalxdım və buna etiraz edilə bilməzdi. – A.H.)

 

Beləliklə, ayağa qalxaraq siyahını təqdim etdim:

 

Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə, Kazımağa Kərimov, Çingiz Mustafayev, Arif Bünyadov, Fərhad Kərimov, eyni zamanda iki Rusiya jurnalisti: Valeri Dementyev və Leonid Lazareviç. Vaxtım bitmək üzrə olduğu üçün bir cümlə ilə qeyd etdim ki, bu jurnalistlər işğalçı ermənilər tərəfindən Dağlıq Qarabağda öldürülüb… (Arif Bünyadov və Fərhad Kərimov istisna olmaqla. – A.H.) İndi auditoriyadakı durumu təsəvvür edin hələ. 57 dövlətin rəsmi təmsilçisi, üstəlik də bir sıra beynəlxalq insan haqları qurumlarının nümayəndələrinə bu bilgini çatdırmaq, erməni işğalını vurğulamaq, hər halda bizim milli maraqlarımıza kiçik də olsa bir xidmətdir.

 

 

Hələ bu olayın davamı da var…

 

Dunya Miyatoviç bizim bölgəmizi yetərincə bilmirdi. Ona görə də bəzən səhvlər buraxırdı və mən də o səhvləri tutub öz çıxışımı qururdum. Sözügedən tədbirdə də o, özü də bilmədən mənim üçün şərait yaratmışdı ki, erməni işğalının həm də jurnalistlərimizi öldürməsindən danışa bilim. Lakin təxminən 2 ay sonra ATƏT-in Vyanada sırf media azadlığına həsr edilmiş tədbirində Dunya Miyatoviç bu “səhvini” düzəltməyə cəhd göstərdi. Biz də onun bu cəhdindən növbəti dəfə uğurla istifadə elədik. O, çıxışında qeyd elədi ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə səbəbindən hər iki tərəfdən jurnalistlər öldürülüb. Təbii ki, bir nəfər belə erməni jurnalistinin öldürülmədiyini bilirik və Miyatoviçin növbəti səhvi bizə imkan verdi ki, çıxışımızı məhz bunun üzərində quraq. Qurduq da. Həm onun, həm də tədbirdə iştirak edənlərin diqqətinə çatdırdıq ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq hərəkətləri nəticəsində yalnız Azərbaycan tərəfin jurnalistləri öldürülüb. Ermənistan tərəfdə isə bir nəfər jurnalistin burnu belə qanamayıb. Bu çıxışımız Ermənistanın rəsmi təmsilçisini və media təmsilçilərini əməlli-başlı özündən çıxardı. Azərbaycandakı radikal antimilli ünsürlər kimi onlar da məni “hakimiyyətə satılmaqda” ittiham etdilər. Xanım Miyatoviçin halı isə heç də yaxşı deyildi…

 

 

İndi bunları xatırlayıb diqqətə çatdırmağımız da təsadüfi deyil. Son vaxtlar hardansa “peşəkar jurnalistlər” peyda olub, şəxsən mən də daxil olmaqla bir neçə nəfəri Prezidentin keçmiş köməkçisi Əli Həsənovun “adamı” olmaqda ittiham edirlər. Sanki Əli Həsənov bizi işə cəlb edib öz həyətində işlədib. Bu bədbəxtlər bizim nə işlə məşğul olduğumuzu (indi də o işlə məşğuluq təbii ki) azacıq anlamağa çalışsalar Əli Həsənova təşəkkür etməli olarlar. Çünki bizim onun “adamı” olmağımız Azərbaycan dövlətinə və milli maraqlara xidmətdən ibarət olub. Yəni biz Əli Həsənovun hansısa şəxsi istəklərini deyil, birbaşa Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanı gerçəkləşdirmək üçün çalışmışıq və çalışırıq da. İndi hansısa özünübilməzlər bizə çamur atacaq deyə bu yolumuzdan çəkilmək fikrində də deyilik. Bizim üçün fərdlər-şəxslər yoxdur. Bizim üçün dövlət var. Dövlətin başında onun ali rəhbəri var. Biz dövlətimizin və onun rəhbərinin milli maraqlara xidmət edən siyasətinin adamıyıq. Daha kiminsə deyil. Əslinə qalanda, bizə çamur atanları da elə bu keyfiyyətimiz narahat edir. Çünki bizimlə müqayisədə ortaya qoyacaq heç bir işləri yoxdur…

 

Sözardı: Bəzən dostlarla söhbətlərimiz olur. Deyirəm ki, bu cür ünsürlər niyə hərlənib-fırlanıb bizi hədəfə alırlar? Özü də iddia edirlər ki, onlar Prezidentə, dövlətə sadiq adamlardırlar. Əgər doğrudan da sadiqdirlərsə, hər şey bir yana, bizim illərdir beynəlxalq platformalarda milli maraqlar naminə etdiyimiz çıxışları – Azərbaycan dövlətinin mənafeyinə xidmətimizi niyə görə bilmir və ya görmək istəmirlər? Cavab bu olur: sən o platformalarda illərdir bişmiş, təcrübəli birisən. İngilislə ingiliscə, rusla rusca danışırsan. Bunlarsa heç allahın rus dilini düz-əməlli bilmirlər, Biləcəridən o tərəfi də tanımırlar. Sənin oralarda nələr etdiyini anlayacaq başmı var bunlarda?..

 

Sözardına sözardı: İllərdir belə tədbirlərdə Azərbaycanı layiqincə təmsil edəcək, özəlliklə ingilis və rus dillərini bilən, yetərli təcrübəyə sahib jurnalistlər axtarıram. Bizi tənqid edənlərin heç biri hələ də bu xüsusda özünü təqdim edə bilmir…

 

Azər Həsrət

​Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top