İdman TV-nin sevilən şərhçisi "CBC Sport"-a keçdi — FOTO

İDMAN 02 iyl 2020, 19:22

Azərbaycanın məşhur idman jurnalisti, "İdman Azərbaycan" telekanalının şərhçisi Ramiz Mirzəzadə adıçəkilən televiziya ilə yollarını ayırıb.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə teleaparıcının özü məlumat verib: 

 

"Əvvəla 2 iyul beynəlxalq idman jurnalistləri günü münasibətilə hər bir həmkarımı ürəkdən təbrik edirəm. Onlara bu günlərdə ən vacib məsələ olan möhkəm can sağlığını arzu edirəm. İkinci növbədə isə işlərində uğurlar arzu edirəm. Bu günlər İdman TV-də iş fəaliyyətimin nə az nə çox düz 10 ili tamam oldu.


Bu müddətdə çoxlu dost, qardaş, gözəl insanlar qazandım. İşimlə əlaqəli insanların xoş münasibəti məni işimə daha çox bağladı. Sözlə ifadə edilməyəcək gözəl anlar yaşadım bu 10 ildə. Amma hər şeyin bir sonu olduğu kimi bu 10 ilin də son günü gəlib çatdı. Ömrümün 10 illik bir kitabının son səhifəsini bu gün yazdım və bitdi.


Bu müddət ərzində üzərimdə əziyyəti, zəhməti, haqqı olan hər bir insana bir ömür minnətdaram. Mənə bu telekanalda adi bir işçi kimi inanıb müəyyən qədər işini bilən bir Ramiz Mirzəzadəyə çevrilməyimə dəstək olan insanlar var ki, onların zəhmətini heç vaxt unutmayacam.


Amma zaman, məqam, vəziyyət elə gətirdi ki, doğulub böyüdüyüm yerdən, mənə əziz olan məkandan öz peşə bayramımda öz istəyimlə ayrılmaq qərarı aldım. Mənə inanan, məni dəstəkləyən, məni özünə yaxın bilən hər kəsə minnətdaram. Var olun hər zaman. İnanıram ki, hər şey hamı üçün bundan sonra daha da yaxşı olacaq"

 

Qeyd edək ki, Ramiz Mirzəzadə öz fəaliyyətini bundan sonra "CBC Sport" telekanalında davam etdirəcək.

 

Zaur

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top