“Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin üzvlərinin iştirakı ilə növbəti görüş keçirilib. Koronavirus pandemiyası səbəbi ilə bu dəfə də görüş Zoom onlayn platforması vasitəsilə həyata keçirilib.
Demokrat.az xəbər verir ki, bu dəfəki görüşün əsas məqsədi ölkədə ailədaxili zorakılıqla bağlı mövcud vəziyyət, bu istiqamətdə həyata keşirilən islahatlar, yerlərdə mövcud çatışmazlıqlar və onların aradan qaldırılması məqsədilə vətəndaş cəmiyyəti institutlarının dövlət orqanları ilə əməkdaşlığı perspektivləri, COVID-19 pandemiyasının sosial təsiri, ailədaxili zorakılıq sahəsində aparılmış tədqiqatlarla tanışlıq, üzv QHT-lərin bu sahədə təcrübəsi, növbəti addımlar və s. məsələlər müzakirə olunub.
Görüşdə Şəbəkənin təsisçilərindən biri, Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova “Ailədaxili zorakılıq faktlarının elektron KİV-də monitorinqi” adlı hesabatın ilkin təqdimatını etdi. Monitorinq 2020-ci ilin sonunadək davam edəcəkdir.
Şəbəkənin təsisçilərindən biri Ramil İskəndərli Dövlət Statistika Komitəsinin açıqladığı məişət zorakılığı ilə bağlı rəsmi statistik məlumatları iştirakçıların nəzərinə çatdırdı.
Görüşdə həmçinin yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə tətbiq edilən karantin rejimi şəraitində ailədaxili zorakılıq faktlarına diqqətin daha da artırılmasınən məqsədəuyğunluğu qeyd olunub.
Tədbirdə mövzu ilə bağlı habelə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədr müavini Elmari Məmişov, tədqiqatçı ekspert İsmayıl Kərimov, Ümidli Gələcək Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşımova, hüquqşünas, ekspert Fariz Əkbərov, Təmiz Dünya təşkilatının rəhbəri Mehriban Zeynalova çıxış edib.
Tədbirdə görüşdə iştırakçılar ümumi razılığa gəliblər ki, ailədaxili zorakılıq məsələlərinin öyrənilməsi məqsədilə təhlil və proqnozlaşdırma aparılsın və əlaqədar orqanlarla birlikdə təlimlərin keçilməsi üçün nümunəvi təlim modelləşdırılması aparılsın.
Xatırladaq ki, keçən ilin yanvar ayında təsis olunmuş Şəbəkənin əsas məqsədi Azərbaycanda müxtəlif sahələr üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərilməsinə, bu sahədə fəaliyyət göstərən təşkilatlar və mütəxəssislər potensialının səfərbər edilməsidir.(Report)


