Koronavirus, neft, seçkilər, Dağlıq Qarabağ və Putin Rusiyası ilə bağlı SƏFİRLƏ MÜSAHİBƏ

MÜSAHİBƏ 04 iyn 2020, 16:01

Heç vaxt ağlıma da gəlməzdi ki, dünyanın ən qüdrətli dövlətlərindən birinin səfiri ilə söhbətimə virus barədə sualla başlayacağam.

 

Amma bu gün beynəlxalq iqtisadiyyata da, siyasətə də təsir edən ən mühüm amil məhz COVİD-19-dur. 


– Hazırkı vəziyyətdə Böyük Britaniya pandemiyadan ölənlərin sayına görə Avropada və dünyada ilk sıralardadır. Hökumət “COVID-19 bərpa strategiyası” adlı sənədini açıqladı. Sənədə əsasən, tərəziyə “insanların sağlamlığı və virusun iqtisadiyyata mənfi təsiri” qoyulub. Sizcə, siyasi risk nədən ibarətdir və bu, xarici siyasətin prioritetlərinə təsir edəcəkmi, onları dəyişəcəkmi? 


– Düşünürəm ki, bu, virusdan heç bir ölkənin və insanın sığortalanmadığını göstərir. Hazırda Böyük Britaniya və Avropada virusa yoluxma hallarının sayca azaldığını müşahidə etsək də, dünyanın müxtəlif yerlərində, məsələn Braziliya, Rusiya və Hindistanda bu göstəricilər hal-hazırda yüksəkdir və artmaqdadır. Beləliklə, biz ayıq-sayıqlığı qorumalı və elmin göstərdiyi yolla hərəkət etməliyik, eyni zamanda – dediyiniz kimi – iqtisadiyyatın yenidən açılmasını necə idarə edəcəyimizi düşünməliyik. İndiyə qədər müxtəlif ölkələr fərqli yanaşma sərgiləyiblər. Məsələn, Azərbaycanda infeksiyaların sayında yüksəlmə olan vaxtda bəzi məhdudiyyətlər qaldırıldı. Böyük Britaniyanın yanaşması isə, bir çox Avropa ölkələrində olduğu kimi, müəyyən sahələrdə, xüsusilə yoluxma hallarının yenidən artmamasının təmin edilməsi üçün daha ehtiyatlı davranmaqdır.


Xarici siyasət məsələsinə gəldikdə, koronavirusa və onun təsirinə qarşı mübarizənin aparılmasında və peyvənd axtarışının sürətləndirilməsində oynadığımız qlobal rolu vurğulamaq istərdim. Biz virusla qlobal müstəvidə mübarizə üçün 744 milyon funt sterlinqə qədər maliyyə yardımı ayırmağı öz üzərimizə öhdəlik götürmüşük. Bundan başqa, ÜST üçün əlavə 75 milyon funt sterlinq (120 milyon müntəzəm illik maliyyələşdirmədən əlavə) yardım ayrılıb. İyunun 4-də isə biz GAVİ – Vaksin Alyansına vəsait toplanmasına kömək üçün virtual Qlobal Vaksin Sammitinə ev sahibliyi edəcəyik. Böyük Britaniya növbəti beş il ərzində bir çox ölkədə insanların həyatını xilas edəcək vaksinləri təmin edən GAVİ – Vaksin Aylansına ildə 330 milyon funt sterlinq maliyyə ayıracağını vəd edib və faktiki olaraq bu alyansın ən böyük donorudur. Dünyadakı səhiyyə sistemlərinin gücləndirilməsi, şübhəsiz ki, mövcud böhrandan sonra “daha yaxşı bərpa olunma”nın fokuslandığı ən əsas məsələ olaraq qalacaqdır, lakin eyni zamanda biz gender və bərabərsizlik mövzusundakı inklüzivliyi və ən həssas təbəqələri də diqqətimizdə saxlamalıyıq.


– Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarında  birbaşa iştirak etməsə də,  Böyük Britaniya hökuməti müxtəlif vaxtlarda regionda sülh quruculuğu ilə bağlı layihələri maliyyələşdirib. Bəzən maliyyə dəstəyi Avropa İttifaqı ilə müştərək həyata keçirilib. “Brexit” dən sonra regionda konkret bu istiqamətdə “ingilis sərmayəsi”nin perspektivi necə görünür?


– Bəli, doğrudur ki, biz Minsk Qrupuna daxil deyilik, amma proqramımız həm həmsədrlərin işini dəstəkləmək, həm də münaqişədən zərər çəkmiş insanlara dəstək vermək məqsədi daşıyır. Beləliklə, münaqişə tərəfləri və həmsədrlər tərəfindən irəli sürülən əsas mövzulardan biri “əhalini sülhə hazırlamaqdır” və mən çox xoşbəxtəm ki, Azərbaycana gəlişimdən qısa müddət sonra bir qrup gənc azərbaycanlı ilə görüşdüm. Onlar münaqişənin transformasiyası ətrafında yaranan problemlərin daha yaxşı başa düşülməsi və ortaq maraqlar əsasında sülhün necə qurulacağının araşdırılmasını özündə əks etdirən və bizim maliyyələşdirdiyimiz bir proqramın iştirakçıları idilər. Mənə elə gəlir ki, yalnız fərqli perspektivləri dərk etməklə həll yolunda həqiqi irəliləyiş mümkün olacaq.


Azərbaycanda məcburi köçkünləri dəstəkləyən bir sıra proqramları da maliyyəşədirmişik. Burada fəaliyyət göstərən Britaniya Şurası (British Council) tərəfindən  Azərbaycanda yerləşən məcburi köçkün icmalarının gənc üzvlərinə kömək üçün yaradılmış Təlim və Tədris mərkəzlərinin, İngilis Dili klublarının bir neçəsinin açılışında şəxsən iştirak etmək imkanı əldə etdiyimə görə çox məmnun oldum. Bu da mənə həmin icmaların necə yaşadığını görmək üçün Azərbaycanın müxtəlif bölgələrinə – Zaqatala, Bərdə və Tərtərə – səyahət etmək imkanı yaratdı. Ancaq konkret sualınıza cavabım belədir ki, Avropa İttifaqından çıxdıqdan sonra çox şeyin dəyişəcəyini düşünmürəm. Biz bundan sonra da ikitərəfli proqramları maliyyələşdirəcəyik və Avropa İttifaqındakı tərəfdaşlarımızla bu sahədə əməkdaşlıq edəcəyik.


– Böyük Britaniya hökumətinin önəm verdiyi layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Bundan əlavə, SOCAR və BP arasında tərəfdaşlıq sazişləri iki ölkə arasında neft-qaz siyasətini müəyyən edir. Böyük Britaniya Azərbaycana yatırılan investisiyaların həcminə görə liderdir və investisiyaların nəhəng hissəsi birbaşa neft-qaz sektoruna yönəldilib. Razılaşarsınız ki, pandemiya bu sektora da çox ciddi təsirsiz ötüşməyib. Neft-qaz sahəsində əməkdaşlığın davamı, onun formaları ilə bağlı Britaniya hökumətinin hansısa yeni planları, təklifləri varmı?


– Düzgün vurğuladınız, neft və qaz sahəsində əməkdaşlıq uzun illərdir ki, ikitərəfli münasibətlərimizin özəyini təşkil edir. Bu, təkcə BP və bir çox digər Britaniya şirkətlərinin Azərbaycanda ən böyük xarici investor kimi iştirak etməsi ilə əlaqədar kommersiya məsələsi deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın istiqaməti məsələsidir. Beləliklə, Cənub Qaz Dəhlizi və onun, gözlənildiyi kimi, bu ilin sonunda başa çatdırılması bizim üçün strateji, Azərbaycan üçün isə güclü avropayönümlü istiqamətdə olmaq imkanı yaradan bir məsələdir. Biz bu istiqamətdə görülən işi alqışlayırıq.


Koronavirusun neftin qiymətinə, eləcə də hasilatın azaldılmasına dair OPEC+ sazişinin Azərbaycanın gəlirlərinə mənfi təsir göstərməsi də həqiqətdir. Ancaq bilirəm ki, hökumət son illər ərzində maliyyə ehtiyatlarını düzgün şəkildə qurub, buna görə əminəm ki, Azərbaycan hazırkı aşağı neft qiymətinin öhdəsindən gələ bilər. Gələcəyə gəlincə, aydındır ki, BP Azərbaycanı və onun neft-qaz ehtiyatlarını vacib hesab edir və buna görə də yeni kəşflərə investisiya qoyuluşu davam edəcəkdir. Ancaq bir məqamı da qeyd edim ki, biz hamımız iqlim dəyişikliyi ilə mübarizə və post-karbohidrogen dünyasına necə uyğunlaşmaq barədə düşünməliyik. Hazırkı vəziyyət – koronavirusun vurduğu iqtisadi ziyandan çıxmaq vəzifəsi bizim hamımıza “Yaşıl Bərpa” (Green recovery) və “Daha Yaxşı Bərpa Olunma” (Build Back Better) yanaşmasından istifadə etmək üçün imkan yaradır. 


Bundan əlavə, biz hökumətin iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun qurulması istəyini çox dəstəkləyirik. Biz artıq səhiyyə, aqro-biznes, təhsil, turizm və kosmos kimi yeni sahələrdə əməkdaşlıq edirik və payızda baş tutacağına ümid etdiyimiz nazirlər səviyyəsində növbəti Birgə İnvestisiya Komitəsində görüşdə gələcək imkanları müzakirə edəcəyimizi gözləyirik.


– Ötən il Böyük Britaniya və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlığa başlayıblar. Hər iki tərəf yaşıl enerjiyə sərmayə qoymaq və bərpa olunan enerji sahəsində imkanlardan istifadə etmək barədə razılığa gəlib. 2020-ci ildə isə Böyük Britaniya Azərbaycanın günəş, külək və su enerjisinin potensialını artırmaq üçün bu sektora investisiya qoymağa hazır olduğunu bəyan edib. Hazırda bu istiqamətlərdə hansı işlər gedir?


– Əvvəlcə ümumi kontekst üçün vurğulamaq istərdim ki, Böyük Britaniya 2050-ci ilə qədər “xalis karbon neytral” öhdəliyini öz üzərinə götürmüş ilk lider ölkədir və biz gələn il BMT-nin böyük iqlim dəyişikliyinə həsr olunmuş növbəti COP26 sammitinə ev sahibliyi edəcəyik. Bu sammitdə biz bütün ölkələrin karbon emissayalarının azalması və iqlim dəyişikliyi problemlərinin həll olunması istiqamətində öhdəliklərini gücləndirəcəklərini gözləyirik. BP neft və qaz istehsalçısı olaraq, xüsusi məsuliyyət daşıdığını və 2050-ci ilə qədər  “xalis karbon neytral”a dair öhdəlik götürdüyünü qəbul edir. Buna görə, ümid edirik ki, Azərbaycan da karbohidrogen istehsalçısı kimi danışıqlarda və iqlim dəyişikliyinə qarşı mübarizədə əsaslı rol oynayacaqdır. “Xalis sıfır” öhdəliyinin götürülməsi mükəmməl olardı və hökumətin şaxələndirilmiş qeyri-neft iqtisadiyyatı qurmaq öhdəliyi barəsində güclü mesaj verməsi olardı.


Bərpa olunan enerji dünyanın iqlim dəyişikliyinə qarşı yanaşmasında böyük rol oynayacaqdır. Azərbaycanın enerji balansında külək və günəş enerjisinin payını artırmaq əzmində olduğuna şadam. Böyük Britaniya dəniz küləyi enerjisi üzrə dünyada aparıcı istehsalçıdır, buna görə də bu sahədə çox təcrübəmiz var. Təəssüf ki, BP bərpa olunan enerji müqaviləsi üçün Azərbaycan hökumətinə etdiyi ilkin təklifində uğurlu olmadı, amma bilirəm ki, gələcəkdə yenə imkanlar olacaq və bərpa olunan enerji onların “xalis karbon neytral” öhdəliyinin vacib bir hissəsidir. Beləliklə,  ümid edirəm ki, son 25 ildə Azərbaycan, BP və Böyük Britaniya neft-qaz sektorunda tərəfdaş olduqları kimi, biz təmiz enerji və iqlim dəyişikliyi ilə bağlı ümumi öhdəliyə əsaslanan yeni tərəfdaşlıq qurmağa da başlaya bilərik. 


– Ötən ilin sonunda səfirlikdə Böyük Britaniyadakı parlament seçkilərini izləyən jurnalistlərə müsahibənizdə: “Biz ümid edirik ki, Azərbaycanda azad və ədalətli seçki görəcəyik” demişdiniz. Azərbaycanda növbədənkənar 9 fevral seçkiləri ümidlərinizi nə dərəcədə əks etdirdi?


– Düzünü deyim, ATƏT-in seçki müşahidə missiyasının qaldırdığı bütün narahatlıqları görəndə məyus olduq, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühitin həqiqi rəqabətin qarşısını alması kimi narahatlıqlarımızı özündə ehtiva edən bəyanatı seçkilərdən sonra ifadə etdik . Hesab edirəm ki, indi vacib məsələ ATƏT-in tövsiyələrinin yerinə yetirilməsini təmin etməkdir və biz burada seçki islahatları prosesini dəstəkləməyə hazırıq. Bunun bir hissəsi olaraq, xüsusən də COVİD-19 pandemiyasının bu çətin vaxtlarında söz və ifadə azadlığının təmin olunmasının vacibliyini vurğulayardım. Beləliklə, Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərov haqqında çıxardığı bəraət hökmlərini alqışlayarkən, Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarının icra olunmasının və sərbəst toplaşmaq hüququna hörmət edilməsinin də vacib olduğunu düşünürük.


– Böyük Britaniya ilə Rusiya arasında əlaqələr keçmiş rus casusunun və onun qızının zəhərlənməsindən sonra gərgin olaraq qalır. Yanvar ayında İngiltərənin Baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinə söyləmişdi ki, Moskva “təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərini” dayandırmayana qədər iki ölkə arasında münasibətləri normallaşdırmaq olmayacaq. Sizcə, rəsmi Moskva Baş nazir Consonun çağırışına cavab verəcəkmi?


– Ümid edirik ki, müsbət cavab verəcəklər! Baxın, biz həm BMT Təhlükəsizlik Şurasının daimi üzvləyirik və Rusiya ilə milli maraqlarımıza uyğun olduqda, beynəlxalq təhlükəsizlik məsələlərində danışıqlarımız olacaq. Məsələn, Liviyadakı qeyri-sabitlik məsələlərində olduğu kimi. Beləliklə, beynəlxalq məsələlərin həlli üçün fəaliyyət göstərən kanallara ehtiyacımız var. Lakin biz eyni zamanda bu görüşlərdən kimyəvi silahların istifadəsi kimi təməl milli təhlükəsizlik məsələlərində Böyük Britaniyanın mövqeyindən Rusiyanın şübhəsinin olmamasını təmin etmək, habelə Rusiyanın Böyük Britaniya və onun müttəfiqlərini təhdid edən, sabitliyi pozmağa yönəlik fəaliyyətinə son qoyulmayana qədər bu ölkə ilə ikitərəfli münasibətlərdə normallaşmanın baş verməyəcəyini aydın surətdə çatdırmaq üçün istifadə edirik.(pressklub.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top