Son günlər dünyada yayılmış yeni növ koronavirusun nəticələri həm də hotelçilərə mənfi təsir göstərib.
Demokrat.az xəbər verir ki, Azəbaycan Hotel Assosiasiyasının İcraçı direktoru Günay Sağlam turizmplus.az saytına açıqlamasında bildirib ki, digər ölkələrdə olduğu kimi bizdə də vəziyyət çətindir.
"Getdikçə daha çox rezervasiyalardan imtina olunur. Hotellər hazırda 90% boşluq yaşayır. Regionlarda vəziyyət daha yaxşıdır, çünki həftəsonları öz vətəndaşlarımız ora yollanırlar. Biz bu məsələylə bağlı müəssisələrlər, o cümlədən, Dövlət Turizm Agentliyi, KOBİA və başqa dövlət strukturları ilə. görüşlər keçiririk. Bu hər kəs üçün fors-major məsələdir və çalışırıq ki, bu məqamda hotelçilərə dəstək olaq. Onu da qeyd etmək istəyirəm ki, gələn həftə Assosiasiya üzvləri ilə də görüş keçirməyi və problemlərini dinləməyi nəzərdə tuturuq".
Günay Sağlam son günlərdə bəzi hotellərin bağlanması xəbərinə də aydınlıq gətirib.
"Bəzi hotellər bu ayın sonuna qədər böhran davam edərsə işçilərini öz hesablarına məzuniyyətə göndərməyi düşünürlər. Hər hansı hotelin bağlanmasına dair məlumatımız yoxdur"- deyə İcraçı direktor bildirib.


