YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

Zelenski Krım körpüsünün tamamilə sıradan çıxarılması ilə bağlı göstəriş verib

Zelenski Krım körpüsünün tamamilə sıradan çıxarılması ilə bağlı göstəriş verib

Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım körpüsünün qalan hissəsinin də məhv edilməsi ilə bağlı hərbi komandanlığa tapşırıq verdiyi bildirilir.

Kiyev Rusiyanın işğal etdiyi Krımla materik ərazisini birləşdirən strateji körpüyə yeni hücumlar hazırlayır.

Məlumata əsasən, noyabrın 18-də Ukrayna ordusu dron və qanadlı raketlərdən istifadə etməklə körpünün əsas hissələrinə zərbələr endirib. Yeddi mərhələdən ibarət əməliyyat zamanı Rusiya hava hücumundan müdafiə sistemlərini keçmək üçün 11 müxtəlif silah sistemindən yararlanılıb.

İlk hücum zamanı Ukraynanın cənub sahillərindən buraxılan yerli istehsal olan "Neptun" raketləri körpünün avtomobil yolu hissəsinə və dayaq konstruksiyalarından birinə ciddi ziyan vurub. Nəticədə dördzolaqlı avtomobil yolunun bir hissəsi Kerç boğazına çöküb.

Növbəti gecə həyata keçirilən hücum isə ağır yük qatarlarının hərəkəti üçün istifadə olunan dəmir yolu xəttinə zərər vurub. Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarında avtomobil yolunun tamamilə istifadəyə yararsız vəziyyətə düşdüyü, dəmir yolu xətlərindən birinin isə fəaliyyətini davam etdirdiyi qeyd olunur. Hücumlar nəticəsində Azov və Qara dənizlər arasında gəmi hərəkətində də müvəqqəti fasilə yaranıb.

2014-cü ildə Krımın ilhaqından sonra tikintisinə başlanılan, 2018-ci ildə isə Vladimir Putinin iştirakı ilə açılan 20 kilometrlik körpü Rusiya ordusunun cənub istiqamətindəki təchizat sistemində mühüm rol oynayır.

Hərbi mənbələrin iddiasına görə, Ukrayna körpünün qalan hissələrini də sıradan çıxarmaq məqsədilə "Neptun" raketlərinin istehsalını artırmağa çalışır. 2022-ci ildə Rusiyanın "Moskva" kreyserinin batırılmasında istifadə olunan bu raketin yeni modifikasiyalarının yerüstü hədəfləri vurmaq və daha uzun məsafələrə uçmaq imkanına malik olduğu bildirilir.

Məlumatda, həmçinin "Flaminqo" qanadlı raket layihəsinə ayrılan resursların bir hissəsinin "Neptun" raketlərinin istehsalına yönəldilməsinin nəzərdən keçirildiyi vurğulanır.

Qeyd edək ki, körpüyə mümkün yeni hücumlarla bağlı məlumatlar hələlik hərbi mənbələrin açıqlamalarına əsaslanır.

NE
Nihadə Eyyubova