YapiKredi Müraciət Forması
Siyasət

"Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür"

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür

Azərbaycan artıq dünya birliyində nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə ölkəmiz daha bir nüfuzlu tədbirə ev sahibliyi edir. Söhbət Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan gedir.

Son 15 il ərzində bu Forum mədəniyyətlərarası münasibətlərin inkişafı və əlaqədar məsələlərin müzakirəsi baxımından səmərəli və əhatəli platformalardan birinə çevrilib. VII Forumda 2000-dən çox nümayəndənin qeydiyyatdan keçməsi, 100-dən artıq ölkədən 500-dən çox qonağın iştirakı tədbirin mühüm əhəmiyyət daşıdığını göstərir.

Əvvəlki forumlarda ənənəvi olaraq qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər müzakirə edilib. Xatırladım ki, ölkəmizin təşəbbüsü ilə 2011-ci ildə təşkil olunan ilk Forum nüfuzlu beynəlxalq təşkilatlar, xüsusilə də BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən dəstəklənib. Sonrakı illərdə bu təşəbbüs daha da inkişaf edib və geniş beynəlxalq əhəmiyyət qazanıb. İki ildən bir keçirilən forumlarda insanları narahat edən aktual məsələlər müzakirə olunur. Təbii ki, mədəniyyətlərarası və dinlərarası münasibətlərlə bağlı məsələlər gündəliyin əsas istiqamətlərindən birini təşkil edir.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AZƏRTAC-a açıqlamasında bildirib.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışına toxunaraq qeyd edib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu ölkə olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı dəyərlər sırasındadır. Azərbaycan əsrlər boyu Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynayıb. Konstitusiyamıza uyğun olaraq, bütün etnik qrupların və dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Onlar ölkəmizdə bir ailə kimi yaşayırlar.

Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu qoruyub saxladığı dəyərlərdir və biz onları yüksək qiymətləndiririk. Azərbaycançılıq ideologiyası hamını milli ideyalar ətrafında birləşdirir, ölkəmizdə yaşayan və fəaliyyət göstərən müxtəlif xalqların nümayəndələrini vahid məqsəd ətrafında bir araya gətirir.

Bu birlik və həmrəylik müstəqillik tariximizin ən çətin dövrlərində də özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri milli birliyimizi qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək uğrunda bir yumruq kimi birləşərək mübarizə aparıblar. Bu birlik Qələbəmizin rəmzi olan "Dəmir yumruq" ifadəsində öz əksini tapıb.

Ç.Qənizadə qeyd edib ki, Azərbaycan hansı ictimai-siyasi sistemdə yaşamasından asılı olmayaraq, öz dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxlaya bilib. Xalqımız təkcə bu dəyərləri qorumaqla kifayətlənməyib, onları daha da möhkəmləndirib.

Komitə sədri Prezident İlham Əliyevin çıxışında bu məsələyə xüsusi önəm verdiyini vurğulayaraq dövlətimizin başçısının fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olsa da, əvvəlki əsrlərdə formalaşmış zəngin dövlətçilik ənənələrinə malik olub. Son iki əsrdə müstəqil dövlətçilik imkanlarından məhrum olmağımıza baxmayaraq, yaşadığımız heç bir ictimai-siyasi sistem milli hisslərimizi və əzmimizi sarsıda bilməyib. Buna görə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz taleyinin sahibinə çevrilib.

Yeri gəlmişkən, bu il müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd edirik. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər bölgələrində öz gözləri ilə gördükləri inkişafın və quruculuq işlərinin böyük bir hissəsi məhz müstəqillik illərində həyata keçirilib.

Komitə sədri Prezident İlham Əliyevin çıxışında bəzi beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin ikili standartlar siyasətini davam etdirməsini, o cümlədən Ermənistanla bağlı məsələlərdə qərəzli mövqelərin nümayiş etdirilməsini kəskin tənqid etdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan özünü müdafiə edərək düşməni məğlubiyyətə uğradıb və 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını azad edib. Beləliklə, ölkəmiz ədaləti, öz ləyaqətini və beynəlxalq hüququn prinsiplərini bərpa edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, lakin uzun illər icra olunmayan qətnamələrinin həyata keçirilməsini öz gücü hesabına təmin edib.

Ç.Qənizadə bildirib ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoyub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bundan sonra ölkəmiz Ermənistana sülh təklif edib. Bu, münaqişədən sonrakı dövr üçün mühüm addım olub.

Onun sözlərinə görə, müharibələr tarixinə nəzər saldıqda, qanlı toqquşmalardan qısa müddət sonra sülhə nail olunması nümunələrinə az rast gəlinir. Azərbaycan Ermənistanla sülh prosesinin təşəbbüskarlarından biri olub. Ötən ilin yayında paraflanmış sülh sazişi layihəsinin hazırlanması da bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

Ç.Qənizadə Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edən mexanizmlərin olmaması məsələsinə toxunmasının əhəmiyyətini də vurğulayıb. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin həmin qətnamələr uzun illər icra olunmadı. Bunun əsas səbəblərindən biri onların icrasını təmin edən təsirli mexanizmlərin mövcud olmaması idi.

Təbii ki, beynəlxalq hüququn aliliyinin təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icra mexanizmləri səmərəli şəkildə işləməlidir. İkili standartların tətbiqi və beynəlxalq hüququn selektiv şəkildə həyata keçirilməsi isə beynəlxalq sistemə olan etimadı zəiflədir. Ermənistanın işğal siyasətinə görə uzun illər müvafiq sanksiyaların tətbiq edilməməsi də bu problemin bariz nümunəsi kimi təqdim olunur.

"Hazırda Azərbaycan özünü beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi təsdiq edə bilib. Bütün nailiyyətlərimiz və uğurlarımız xalqımızın zəhməti sayəsində əldə olunub. Ölkəmizin artıq iki böyük dövlətlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ötən il Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə, Amerika Birləşmiş Ştatları ilə isə Strateji Xartiya imzalanıb. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr və ya sazişlər imzalayıb", – deyə Ç.Qənizadə bildirib.

B
Qeyd edilməyib