Azərbaycan Prezidenti İlham Əliyevin Niderlandın xarici işlər naziri Tom Berendsenlə görüşü Bakı ilə Amsterdam arasında ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi kontekstində də diqqət çəkir. Niderland Avropa İttifaqının qurucu üzvlərindən biridir və ittifaqın iqtisadi-siyasi həyatında mühüm mövqeyə malikdir. Belə bir ölkə ilə siyasi dialoqun fəallaşması, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropa İttifaqı istiqamətində əməkdaşlığının daha geniş müstəvidə inkişafına əlavə imkanlar yarada bilər.

Demokrat.az xəbər verir ki,Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bu barədə bildirib ki, Bakı ilə Amsterdam arasında münasibətlərin dərinləşməsi Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini şaxələndirmək siyasətinin bir istiqamətidir:
"Niderlandla siyasi dialoqun iqtisadi layihələr, investisiyalar, nəqliyyat və kənd təsərrüfatı sahələrində konkret nəticələrlə möhkəmləndirilməsi həm ikitərəfli münasibətlərə, həm də Azərbaycan-Avropa əməkdaşlığının ümumi gündəliyinə töhfə verə bilər. Əsas məsələ mövcud siyasi təmasları davamlı iqtisadi tərəfdaşlığa çevirmək və qarşılıqlı hörmət prinsipini praktik əməkdaşlığın əsasına qoymaqdır. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərin bir çoxu ilə çox sıx ikitərəfli əməkdaşlıq münasibətləri mövcuddur. Onlardan biri də Niderlanddır.
Avropa İttifaqı vahid qurum olsa da, üzv dövlətlərin hər birinin öz iqtisadi maraqları, regional prioritetləri və xarici siyasət yanaşmaları var. Buna görə də Azərbaycan üçün ayrı-ayrı üzv ölkələrlə qarşılıqlı hörmətə və konkret maraqlara əsaslanan ikitərəfli əlaqələrin inkişafı Avropa ilə ümumi əməkdaşlığın genişlənməsinə də töhfə verə bilər. Niderland kimi iqtisadi çəkisi və beynəlxalq əlaqələri olan dövlətlə dialoq həm siyasi təmasların intensivləşməsi, həm də biznes dairələri arasında əlaqələrin dərinləşməsi baxımından əhəmiyyət daşıyır".


