MTK-ların fəaliyyəti və bina təhvil verildikdən sonra idarəetməni davam etdirməsi sakinlər arasında suallar yaradan məsələlərdəndir.
Bəs MTK-nın səlahiyyətləri hansı mərhələdə başa çatmalıdır? Bina sakinlərə təhvil verildikdən sonra idarəetmə kimə məxsus olmalı və mənzil sahibləri bu prosesdə hansı hüquqlara malik olmalıdırlar?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, MTK-ların fəaliyyəti bina tikildikdən və təhvil verildikdən sonra başa çatmalıdır.

Onun sözlərinə görə, bundan sonra MTK-ların binanın idarə edilməsində iştirak etməsi, əslində, məqsədəuyğun və qanunauyğun deyil:
"Bina təhvil verildikdən sonra onun idarəçiliyi ya sakinlərin özləri tərəfindən, onların yaratdığı mənzil mülkiyyətçiləri birliyi vasitəsilə, ya da peşəkar idarəetmə şirkətləri tərəfindən həyata keçirilməlidir. Hazırda həm binanı inşa edən, həm də onu idarə edən və sonradan yaranan problemlərə cavabdehlik daşıyan tərəfin eyni olması məntiqsizdir. Çünki bu, gəlir əldə etmək imkanının uzun müddət MTK-nın əlində qalmasına və nəticədə müəyyən monopoliyanın yaranmasına səbəb olur. Bu isə, təbii ki, ciddi problemlər yaradır.
Ümumiyyətlə, MTK-ların fəaliyyəti tənzimlənməlidir. Xidmət haqları, aidiyyəti ödənişlər və binanın digər xərcləri hazırda çox vaxt konkret prosedur qaydalarına əsasən deyil, MTK-ların öz istəkləri və daxili qərarları ilə müəyyənləşdirilir. Bu sahədə tənzimlənmə mexanizmlərinin tətbiqinə ehtiyac var. Ən məqsədəuyğun variant binanın sakinlərin özləri tərəfindən, ümumi yığıncaq vasitəsilə idarə olunması və ya sakinlərin peşəkar idarəetmə şirkətləri ilə müqavilə bağlamasıdır. Bu iki variant daha uyğundur. MTK-lar bu prosesdən kənarlaşdırılmalıdır, çünki onların əsas işi mənzilləri tikərək təhvil verməkdir. Mənzillərin və binanın idarə olunması isə tamamilə fərqli qurumlar tərəfindən həyata keçirilməlidir. Adətən, MTK-lar binanın idarəçiliyini özləri davam etdirir və ya yaratdıqları başqa bir təşkilatla formal müqavilə bağlayaraq bu prosesi həyata keçirirlər. Bu isə, təbii ki, sakinlərin mənafelərinə uyğun deyil. Eyni zamanda, müvafiq dövlət qurumları tərəfindən binanın idarə olunması ilə bağlı konkret qaydalar müəyyənləşdirilməlidir. Xidmət haqları üçün minimum və ya maksimum hədlər müəyyən edilə, yaxud binaların xüsusiyyətlərinə uyğun tariflər tətbiq oluna bilər. Məsələn, premium və standart sinifli binalar, eləcə də köhnə və yeni tikililər üzrə fərqli meyarlar nəzərdə tutula bilər. Bununla da istər MTK-ların, istər idarəetmə şirkətlərinin, istərsə də sakinlərin ümumi yığıncağının müəyyən edilmiş hədlərdən artıq ödəniş tələb etməsinin qarşısı alına bilər. Bina həyətinin mühafizəsi, liftlərə qulluq, tullantıların daşınması və digər xidmətlərin hər biri üzrə ödənişlər ayrıca müəyyənləşdirilməlidir. Bu xidmətlərin dəyəri ümumi xidmət haqqının formalaşmasında nəzərə alınmalı, tariflər həm sakinlərin maraqlarına, həm də xidmət göstərən idarəetmə təşkilatlarının fəaliyyətini davam etdirməsinə uyğun şəkildə müəyyən olunmalıdır".


