YapiKredi Müraciət Forması
İnfrastruktur

Bakıda söküləcək binaların yerləri açıqlandı — SİYAHI

Bakıda söküləcək binaların yerləri açıqlandı — SİYAHI

Bakıda 2040-cı ilə kimi mərhələli şəkildə söküntü və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda proses paytaxtın bir neçə rayonunu əhatə edir. Burada məqsəd yalnız köhnə yaşayış fondunu yeniləmək deyil, həm də şəhərin nəqliyyat və infrastruktur problemlərinin həllinə şərait yaratmaqdır.

Hansı binalar sökülməlidir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin (AQC) sədri Vüqar Oruc plat.az-a açıqlamasında deyib ki, söküntü ilə bağlı qərarlarda əsas götürülməli olan amil binanın neçə il əvvəl tikilməsi yox, hazırkı texniki vəziyyətidir.

Onun sözlərinə görə, istismar müddətini başa vurmuş, daşıyıcı konstruksiyalarında ciddi aşınma və zədələnmə yaranmış, sakinlərin təhlükəsizliyi üçün risk daşıyan binalara üstünlük verilməlidir:

"Bəzi köhnə binalar texniki baxımdan hələ də yararlı ola bilər. Ona görə də hər bir tikilinin gələcək istismar imkanları mühəndis-texniki müayinənin nəticələrinə əsasən müəyyənləşdirilməlidir.

Bu ərazilərdə binalar söküləcək

Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur. Bu proses Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edir. Bundan başqa, Sabunçu, Binəqədi və Suraxanı rayonlarında ümumilikdə 150-dək binanın sökülməsi planlaşdırılır. Həmin binaların bir qismində işlərə başlanılıb, digərlərində isə hazırlıq, inventarlaşdırma və qiymətləndirmə tədbirləri aparılır.

Binəqədi rayonunda 1-ci, 2-ci və 3-cü Mədən küçələri, Ağa Nemətulla, Bağ və Ağasadıq Gəraybəyli küçələri, Nərimanov rayonunda Nazim Hacıyev küçəsi, Yasamalda Yeni Yasamal massivinin bəzi hissələri, Nəsimidə Mirəli Qaşqay küçəsi, Xətai rayonunda Oksigen və Nəsrəddin Tusi küçələri, Səbaildə isə Salman Mümtaz küçəsi yenilənmə və söküntü layihələri ilə bağlı adı çəkilən ünvanlardandır. Bununla belə, bu ərazilərin hamısında söküntünün başladığını demək olmaz. Bəzi ünvanlarda hələ layihələndirmə və hazırlıq mərhələsi davam edir".

Paytaxtda qəzalı binalar var...

AQC sədri hesab edir ki, söküntü zamanı ilk növbədə qəzalı və insanların həyatı üçün təhlükə yaradan binalar diqqət mərkəzində olmalıdır:

"Eyni zamanda, texniki cəhətdən bərpası mümkün olmayan və ya iqtisadi baxımdan məqsədəuyğun sayılmayan tikililər də növbəti mərhələdə nəzərdən keçirilə bilər. Şəhərin Baş Planında yeni yolların, nəqliyyat xətlərinin, kommunal və sosial infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulan ərazilərdəki tikililərin taleyi də həmin layihələrin zəruriliyinə uyğun müəyyənləşdirilməlidir. Kompleks yenilənməyə ehtiyacı olan, şəhərin memarlıq görünüşünə və yaşayış keyfiyyətinə mənfi təsir göstərən məhəllələr də bu prosesdən kənarda qalmamalıdır.

Qəzalı binanın sökülməsi ilə şəhərsalma layihəsi çərçivəsində bütöv bir ərazinin yenidən qurulması eyni məsələ deyil. Birinci halda əsas götürülən binanın texniki vəziyyəti və təhlükəsizliklə bağlı rəylərdir. İkinci halda isə layihənin şəhər üçün əhəmiyyəti, infrastruktur ehtiyacları və mülkiyyətçilərin hüquqları birlikdə qiymətləndirilməlidir".

"Kompensasiya bazara adekvat olmalıdır"

Müsahibimiz vurğulayıb ki, söküntü ilə bağlı ən həssas məsələlərdən biri kompensasiyadır:

"Mənzilin dəyəri müəyyənləşdirilərkən yalnız onun sahəsinə əsaslanmaq düzgün deyil. Mənzilin yerləşdiyi ərazi, ətraf infrastruktur, binanın texniki vəziyyəti və daşınmaz əmlak bazarındakı real qiymətlər də nəzərə alınmalıdır. Eyni sahəyə malik iki mənzilin bazar dəyəri fərqli ola bilər. Məsələn, şəhərin mərkəzində yerləşən mənzillə kənar yaşayış massivindəki mənzili yalnız kvadratmetrinə görə eyni qiymətləndirmək olmaz. Əmlakın yerləşdiyi yer və bazardakı tələb onun dəyərinə birbaşa təsir edir. Buna görə kompensasiya hesablanarkən müstəqil və əsaslandırılmış qiymətləndirmə aparılmalıdır".

O qeyd edib ki, mülkiyyətçiyə təklif olunan kompensasiya əmlakın real bazar dəyərini əks etdirməlidir:

"Söküntü layihəsinin şərtlərindən asılı olaraq, vətəndaşa pul kompensasiyası və ya yeni tikilidən mənzil təklif oluna bilər. Əsas məsələ odur ki, hər iki halda mülkiyyətçinin maraqları qorunsun, qiymətləndirmənin nəticələri əsaslandırılsın və tərəflər arasında razılaşma şəffaf şəkildə həyata keçirilsin.

Bina tikilərkən ətraf ərazilər nəzərə alınmalıdır...

Yeni tikililərin inşası zamanı infrastruktur məsələsi də önəmlidir. Hər hansı ərazidə 50 və ya 100 yaşayış binasının yenilənməsi həmin ərazidə əhalinin sayının və gündəlik yükün artması deməkdir. Buna uyğun olaraq yolların, parklanma yerlərinin, məktəblərin, uşaq bağçalarının, yaşıllıq sahələrinin və kommunal şəbəkələrin imkanları da əvvəlcədən hesablanmalıdır.

Bəzən köhnə binaların yerində daha çoxmənzilli və hündürmərtəbəli tikililər inşa olunur. Lakin yeni mənzillərin sayı artırsa, həmin ərazinin infrastrukturu da buna uyğun inkişaf etməlidir. Əks halda, bu gün mövcud olan sıxlıq və parklanma problemləri daha da dərinləşə bilər".

"Bakının yenilənməsi zəruridir, lakin bu prosesin nəticəsi təkcə yeni binaların tikilməsi ilə ölçülməməlidir. Şəhər sakinləri daha təhlükəsiz mənzillərlə yanaşı, rahat yollar, əlçatan sosial obyektlər və normal yaşayış mühiti də əldə etməlidirlər. Söküntü və yenidənqurma işlərində mülkiyyət hüquqlarının qorunması, əmlakın ədalətli qiymətləndirilməsi və şəhər infrastrukturunun inkişafı bir-birini tamamlayan məsələlər kimi nəzərə alınmalıdır", - deyə V.Oruc əlavə edib.

B
Qeyd edilməyib