Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur.
Bir iri yumurtanın tərkibində təxminən 6,2 qram zülal, 5 qram yağ və cəmi 0,5 qram karbohidrat var. Yağın əsas hissəsi yumurta sarısında yerləşir. Bu qida maddələrinin birləşməsi enerjinin daha uzun müddət sabit qalmasına və qan şəkərində kəskin dəyişikliklərin azalmasına kömək edir.
Mütəxəssis Reyçel Zimliç bildirir ki, yumurtada karbohidrat azdır, əsas makronutrientlər isə zülal və yağdır. Buna görə də yumurta qəbulundan sonra qlükozanın sürətlə yüksəlməsi və ardınca enerjinin kəskin azalması adətən müşahidə edilmir. Orqanizm qida ilə qəbul edilən maddələri əsas enerji mənbəyi olan qlükozaya çevirir. Lakin müxtəlif qidalar qanda şəkərin səviyyəsinə fərqli təsir göstərir.
Mütəxəssisin sözlərinə görə, sadə karbohidrat və şəkəri az olan qidalar qlükoza səviyyəsinin daha sabit qalmasına kömək edə bilər. Yumurta da bu məhsullara daxildir. Şirniyyat və karbohidratla zəngin qidalar isə qan şəkərinin daha sürətlə yüksəlməsinə səbəb ola bilər. Belə yüksəlişdən sonra qlükozanın azalması enerji səviyyəsində də enmə yarada bilər.
Yumurta digər faydalı qida maddələri ilə də zəngindir. Xüsusilə yumurta sarısında C vitaminindən başqa demək olar ki, bütün əsas vitaminlər mövcuddur. Bundan əlavə, yumurtanın tərkibində omeqa-3 yağ turşuları da var. Gündə iki yumurta qəbul etmək insanın vitaminlərə olan gündəlik ehtiyacının təxminən 10-30 faizini ödəyə bilər.
Digər tədqiqatlarda yumurta istehlakı ilə acqarına qlükoza səviyyəsi arasındakı mümkün əlaqə də araşdırılıb. Diabetli insanlar da yumurta yeyə bilər. Çünki yumurtada karbohidrat azdır və adətən qan şəkərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmur. Bununla belə, diabet zamanı qidalanma fərdi xüsusiyyətlər və yanaşı xəstəliklər nəzərə alınmaqla planlaşdırılmalıdır. Mütəxəssis xüsusilə əlavə sağlamlıq problemləri olan diabet xəstələrinə qidalanma rejimini həkim və ya diabet üzrə mütəxəssislə müzakirə etməyi tövsiyə edir. (lent.az)


