Qazax rayonunda ər-arvad arasında baş verən mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1986-cı il təvəllüdlü Mehdi (ad şərtidir – red.) yaşadıqları evdə həyat yoldaşı Samirə (ad şərtidir – red.) ilə mübahisə edib.
İstintaq materiallarına əsasən, şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Mehdi yumruq və şillə ilə həyat yoldaşının sifət nahiyəsinə bir neçə dəfə zərbə endirərək ona xəsarətlər yetirib.
Faktla bağlı Mehdi barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilib.
O, ifadəsində hazırda rəsmi olaraq heç bir yerdə işləmədiyini, fərdi əməklə məşğul olaraq qazanc əldə etdiyini bildirib. Mehdi həyat yoldaşı ilə 2015-ci ildə ailə qurduqlarını və üç övladlarının olduğunu qeyd edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həyat yoldaşı ilə münasibətləri əvvəllər yaxşı olsa da, son bir ildə pisləşib. O, bunun səbəbini Samirənin evdə səliqəyə riayət etməməsi ilə əlaqələndirib. Mehdi bildirib ki, özünün təmizkar olması səbəbindən həyat yoldaşının bu xüsusiyyətini bəyənməyib və buna görə də dəfələrlə aralarında mübahisə yaranıb.
Mehdi hadisə günü kənddəki mağazalardan birindən araq aldığını və kənd ərazisində yerləşən, yaşayış üçün istifadə olunmayan başqa bir evə getdiyini deyib. Onun sözlərinə görə, həmin evdə spirtli içki qəbul edərək sərxoş olub, daha sonra həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığı evə qayıdıb.
Təqsirləndirilən şəxs ifadəsində hadisənin davamını belə təsvir edib:
"Evə gələndə Samirə və azyaşlı övladlarım yatmışdılar. Ev yenə də səliqəsiz idi. Buna görə əsəbiləşdim və Samirənin yanına gedərək onu oyatdım. Ondan evi niyə təmizləmədiyini soruşdum. Həmin vaxt əsəbiləşərək yumruq və şillə ilə sifət nahiyəsinə zərbələr vurdum. Samirəni döyən zaman yanımızda heç kim yox idi. O, mənə qarşı fiziki zor tətbiq etməyib".
Qazax Rayon Məhkəməsinin hökmü ilə Mehdi 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəza müddətində hər gün saat 23:30-dan 07:00-dək yaşayış yerini tərk etmək, həmçinin Qazax və Ağstafa rayonlarının inzibati ərazilərini tərk etmək qadağan olunub.
Bundan əlavə, onun üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişdirməmək, eləcə də iş yerini dəyişdirməzdən əvvəl cəzanın icrasına nəzarət edən orqana məlumat vermək vəzifələri qoyulub.
Fariz Məlikli


