Hava Özəl

Oktyabrda 31 dərəcə istilik normaldır? — Ekoloq açıqladı

Oktyabrda 31 dərəcə istilik normaldır? — Ekoloq açıqladı

Payız fəslinin ortasında havanın yenidən yay temperaturuna yaxınlaşması əhali arasında maraq doğurur. Oktyabr ayında temperaturun 31 dərəcəyədək yüksəlməsi hava şəraiti ilə bağlı sualları gündəmə gətirir.

Bəs oktyabr ayında temperaturun bu həddə yüksəlməsinə hansı amillər səbəb olur və anomal isti hava nə vaxta qədər davam edəcək?

Demokrat.az-a bu barədə danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, havanın temperaturunun 31 dərəcəyədək yüksəlməsi müəyyən anomaliya sayılsa da, bunu ciddi istilik anomaliyası kimi qiymətləndirmək olmaz.

Oktyabrda 31 dərəcə istilik normaldır? — Ekoloq açıqladı

Onun sözlərinə görə, havanın temperaturunun yüksəlməsinə əraziyə daxil olan isti hava kütlələri səbəb olur:

"Cənubdan daxil olan isti hava kütlələri oktyabr ayında ərazimizdə havanın temperaturunun yüksəlməsinə səbəb olur. Buna görə də narahatlığa əsas yoxdur. Havanın bir-iki gün isti keçməsini qeyri-adi hadisə kimi qiymətləndirmək və bundan narahat olmaq lazım deyil. İqlim dəyişikliyi ilə bağlı narahatlıq keçirməkdənsə, əraziyə daxil olan isti hava axınlarını da nəzərə almaq lazımdır. Hava kütlələri Yer kürəsində daim hərəkət edir. Ərazimizdə alçaq təzyiq sahəsi müşahidə olunduğu zaman isti hava kütlələrinin daxil olması bizi narahat etməməlidir. Eyni şəkildə, şimaldan, qərbdən və ya şimal-qərbdən soyuq hava kütlələri, o cümlədən Sibir mənşəli hava axınları da daxil ola bilər. Bu, təbii prosesdir.


Elə illər olub ki, oktyabrın 31-də dağətəyi bölgələrimizə qar yağıb. Məsələn, 1993-cü ilin oktyabr ayında belə bir hadisənin şahidi olmuşuq. Yəni havanın həm kəskin soyuması, həm də istiləşməsi mümkündür. Bu cür hava dəyişikliklərinə psixoloji və mənəvi baxımdan hazır olmaq lazımdır. Əgər hansısa təbiət hadisəsi sağlamlığa zərər verirsə, o zaman ehtiyat tədbirləri görülməlidir. Lakin hazırkı isti hava şəraiti ilə bağlı ciddi narahatlığa əsas görmürəm. Oktyabr ayında belə hallara rast gəlinir. Əraziyə vaxtaşırı isti hava kütlələri daxil olduqda payız ayı da isti keçə bilər".

Qeyd edək ki, sabah ölkə ərazisində 31 dərəcə isti olacağı proqnozlaşdırılır.