Azərbaycanda saxta diplom və sertifikatlardan istifadə məsələsi əmək bazarında sənədlərin etibarlılığı və qanunvericiliyə əməl olunması baxımından aktual mövzulardan biridir. Belə sənədlərlə işə qəbul olunan şəxslərin hüquqi məsuliyyəti, eləcə də saxtakarlığın hansı hallarda cinayət məsuliyyətinə səbəb ola biləcəyi maraq doğurur.
Bəs saxta diplom və sertifikatlarla işə qəbul olunan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir? Belə sənədlərdən istifadə hansı hallarda cinayət hesab olunur və həmin şəxslərə qarşı hansı cəzalar tətbiq edilə bilər?
Demokrat.az-a bu barədə danışan vəkil Vüsalə Muradxanlı bildirib ki, saxta diplom və sertifikatlardan istifadə məsələsində əsas fərq sənədin sadəcə mövcud olması ilə ondan bilə-bilə istifadə edilməsi arasındadır.

Onun sözlərinə görə, əgər şəxs diplomun və ya sertifikatın saxta olduğunu bildiyi halda onu işə qəbul zamanı, vəzifəyə təyin olunarkən, əməkhaqqı və ya başqa hüquq əldə etmək üçün təqdim edirsə, bu artıq cinayət məsuliyyəti yarada bilər:
"Cinayət Məcəlləsinin 320-ci maddəsi rəsmi sənədlərin saxtalaşdırılması, hazırlanması, satılması və bilə-bilə saxta sənədlərdən istifadə edilməsini ayrıca cinayət kimi nəzərdə tutur. Hazırkı redaksiyada bilə-bilə saxta sənəddən istifadə 1 000 manatdan 2 000 manatadək cərimə, ictimai işlər, bir ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Əgər şəxs həmin saxta diplomu özü hazırlayıb, hazırlatdırıb və ya satıbsa, məsuliyyət daha ağır ola bilər. Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə belə əməllər 3 000 manatdan 6 000 manatadək cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Saxta diplomla işə qəbul olunan şəxsin əmək münasibətləri baxımından da ayrıca nəticələr yaranır. Əgər həmin vəzifə üçün müəyyən təhsil, ixtisas və ya sertifikat qanunla məcburi şərtdirsə və şəxs bu şərti saxta sənədlə təmin edibmiş kimi göstəribsə, işə qəbulun hüquqi əsası aradan qalxa bilər. İşəgötürən həmin sənədin həqiqiliyini yoxladıqdan sonra əmək münasibətlərinə qanunvericilikdə nəzərdə tutulan əsaslarla xitam verilməsi məsələsini qaldıra bilər.
Burada vacib məqam odur ki, hər saxta sənəd işi avtomatik eyni hüquqi qiymət almır. Şəxsin sənədin saxta olduğunu bilməsi, həmin sənəddən hansı məqsədlə istifadə etməsi, onun vasitəsilə hansı hüququ və ya maddi faydanı əldə etməsi ayrıca araşdırılır. Əgər saxta diplom və ya sertifikat vasitəsilə başqa şəxsin əmlakı, pul vəsaiti və ya hüququ aldatma yolu ilə ələ keçirilibsə, əməl təkcə 320-ci maddə ilə deyil, hallardan asılı olaraq dələduzluqla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə də birlikdə tövsif edilə bilər. Ali Məhkəmənin dələduzluqla bağlı izahında da saxta hüquqverici sənəddən istifadə etməklə əmlakın ələ keçirilməsi zamanı əməlin 178 və 320.2-ci maddələrin məcmusu ilə qiymətləndirilə biləcəyi göstərilir.
Xaricdə alınmış diplomlarla bağlı isə başqa məsələni də ayırmaq lazımdır. Xarici diplomun Azərbaycanda tanınmaması onun avtomatik olaraq "saxta" olması demək deyil. Xarici kvalifikasiyaların tanınması ayrıca prosedurdur və bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyi həyata keçirir. Yəni tanınmamış diplomla saxta diplom hüquqi baxımdan eyni anlayış deyil. Saxta diplom və sertifikat "sadəcə kağız" deyil. Şəxs onun saxta olduğunu bildiyi halda işə qəbul, vəzifə, əməkhaqqı və ya başqa hüquq əldə etmək üçün istifadə edirsə, həm əmək münasibətləri, həm də cinayət məsuliyyəti baxımından ciddi nəticələrlə üzləşə bilər".


