Cəmiyyət

Qüdsü Osmanov PUA ilə vurulan gəmi faciəsindən danışdı, yaralılara baş çəkdi - DETALLAR

Qüdsü Osmanov PUA ilə vurulan gəmi faciəsindən danışdı, yaralılara baş çəkdi - DETALLAR

5 oktyabr 2026-cı il tarixində "Palmali" Şirkətlər Qrupu tərəfindən idarə olunan "Royad Məmmədov" adlı gəmi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına səfər edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Gəmidə əsasən azərbaycanlılar olub.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov hadisədən sonra yaralılara baş çəkib, onların səhhəti və ümumi problemləri ilə maraqlanıb, yardım edib.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən səfir bildirib ki, gəmidə 13 nəfər olub:

"Onlardan 3 nəfəri Hindistan, 10 nəfəri isə Azərbaycan vətəndaşıdır. Hadisədən sonra 8 nəfər xilas olunub. Gəminin kapitanı Rüstəm Həsənov hadisə nəticəsində həlak olub və onun cənazəsini çıxarıblar, artıq morqdadır. Onun vətənə qaytarılması üçün əlimizdən gələn bütün səyləri göstərmişik, sənədləşmə məsələlərində yardım etmişik. Gəmi batan gündən bu günə kimi səfirlik bu məsələ ilə ciddi şəkildə məşğuldur.

Təbii ki, səfirliyin bu məsələ ilə məşğul olmasının səbəbi var. Ölkə rəhbəri, cənab Prezidentin xüsusi tapşırığı var ki, xaricdə yaşayan Azərbaycan vətəndaşlarına səfirliklər daimi qayğı göstərsin, onların hüquqları ilə məşğul olsun, haqlarını təmin etsin, hüquqlarını qorusun. Bu, bizim borcumuzdur. O səbəbdən məsələyə elə ilk gündən müdaxilə etmişik.

"Palmali" şirkətinin rəhbərliyi də, təbii ki, xüsusi diqqət göstərir və bütün maliyyə məsələlərini öz üzərinə götürüb. Biz isə öz tərəfimizdən diplomatik statusumuzdan istifadə edərək lazımi dəstəyi göstəririk.

Hazırda çalışırıq ki, gəmi kapitanı Rüstəm Həsənovun cənazəsinin göndərilməsini təmin edək. Sabah axşama qədər mümkün olmasa, yəqin ki, ən geci bazar ertəsi cənazə vətənə yola salınacaq. Gəmidəki 10 nəfərin hamısı Azərbaycan vətəndaşıdır".

Səfir bildirib ki, digər həlak olan Məhəmməd Süleymanzadə isə gəmidə aşpaz kimi çalışıb:

"24 yaşı var idi. Onun cənazəsi hələ ki, çıxarıla bilməyib. Lakin bu istiqamətdə də işlər görülür, danışıqlar aparırıq. Xilasedicilər bildirirlər ki, gəminin suyun altında sabit vəziyyətə gəlməsi üçün bir-iki gün lazımdır. Bundan sonra onların gəmiyə daxil olması mümkün olacaq. Gəmi 65 metr dərinlikdədir.

Hazırda xilas edilən 8 nəfərdən biri xəstəxanadadır. Onun yaraları ağır deyil və müalicəsi normal davam edir. Ehtimal olunur ki, gələn həftə xəstəxanadan buraxılacaq. Digər iki nəfər isə bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra bu gün evə buraxılıb. Qalan şəxslərin vəziyyəti də normaldır.

Allahın köməyi ilə sabah 7 nəfərin Rumıniyadan yola salınması və İstanbula uçması planlaşdırılır. Bunun üçün bütün lazımi sənədlər hazırlanıb, müvafiq icazələr dövlət qurumları tərəfindən verilib.

Bu gün bütün günü Konstansa şəhərində olmuşam. Xəstəxanaya baş çəkmiş, vilayət rəhbərliyi və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmüşəm. Həmçinin, hər bir vətəndaşımızla ayrıca söhbət etmişik. Onların vəziyyəti yaxşıdır, özlərini normal hiss edirlər.

Təəssüf ki, iki vətəndaşımızı itirmişik. Hər ikisinə Allah rəhmət eləsin, yaxınlarına isə səbir diləyirik".