Yumurta alarkən bir çox insan qəhvəyi qabıqlı məhsulları daha təbii və faydalı hesab edir. Lakin mütəxəssislər bildirirlər ki, qabığın rəngi yumurtanın qida dəyərini müəyyən etmir.
Demokrat.az Portalspozywczy.pl saytına istinadən xəbər verir ki, yumurtanın ağ və ya qəhvəyi olması əsasən toyuğun genetikasından asılıdır. Eyni şəraitdə saxlanılan və oxşar yemlə bəslənən toyuqların yumurtalarında zülal, yağ, vitamin, mineral və xolesterin baxımından ciddi fərq olmur.
Qəhvəyi yumurtaların bəzi hallarda daha baha satılması da onların daha faydalı olması ilə bağlı deyil. Tünd qabıqlı yumurta verən bəzi toyuq cinslərinin daha iri olması və daha çox yem tələb etməsi məhsulun maya dəyərinə təsir göstərə bilər. Bundan əlavə, istehlakçıların qəhvəyi yumurtaları daha "təbii" hesab etməsi də qiymətə təsir edən amillərdəndir.
Mütəxəssislər alıcıların seçim zamanı qabığın rəngindən daha çox yumurtanın saxlanma şəraitinə, son istifadə tarixinə, çəki kateqoriyasına və qabığın bütövlüyünə diqqət yetirməsini tövsiyə edirlər.
Yumurtanın sarısının rəngi də onun keyfiyyətinin əsas göstəricisi deyil. Daha tünd və narıncı sarı əsasən toyuğun yemindəki karotinoidlərin miqdarı ilə əlaqədardır. Buna görə tünd sarı yumurta avtomatik olaraq daha faydalı və ya daha təzə hesab edilə bilməz.
Beləliklə, yumurta seçərkən ağ və ya qəhvəyi qabığa üstünlük verməkdənsə, məhsulun təzəliyi, saxlanma qaydaları və istehsal şəraiti kimi amillərə diqqət yetirmək daha doğrudur.
Jalə


