Kriminal

Ərinin cibindən pul götürən qadın döyüldü

Ərinin cibindən pul götürən qadın döyüldü

Quba rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib. Kənd sakini Əli yaşadıqları evin yataq otağında arvadı Ramilə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Əli şillə və yumruqla arvadının baş və bədən nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2016-cı ildə Ramilə ilə ailə həyatı qurub, birgə nikahdan iki övladları dünyaya gəlib:

"Məlum hadisə günü Ramilə məndən icazəsiz çantamdan pul götürdüyü üçün ona iradımı bildirdim. Ramiləyə irad bildirdiyim üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı o, məni təhqir edərək üzərimə gəldiyi üçün əsəbləşdim. Əlim ilə onu vurdum. Zərbənin təsirindən Ramilə divara dəydi, daha sonra isə bir dəfə şillə ilə onun baş nahiyəsindən vurdum".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.

İş üzrə zərərçəkmiş Ramilənin sözlərinə görə, əlil olduğuna görə əri Əli mütəmadi olaraq onu məsxərəyə qoyduğu üçün aralarında tez-tez mübahisələr olub:

"Məlum hadisə günü, saat 10 radələrində yaşadığımız evdə olduğumuz zaman Əli ilə yenidən eyni səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı o, şillə ilə sifət nahiyəmdən, yumruqla isə baş nahiyəmdən bir dəfə vurdu. Zərbənin təsirindən başım divara dəydi. Həmin vaxt Əli bədənimin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq mənə xəsarət yetirdi".

Zərərçəkmiş şəxs ifadəsinin sonunda əri ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

R
Redaktor