Gündəm

Azərbaycanda rüşvət barədə xəbər verənlərə pul ödənəcək

Azərbaycanda rüşvət barədə xəbər verənlərə pul ödənəcək

Parlamentdə korrupsiya ilə mübarizəyə dair yeni qanun layihəsi təqdim olunub. Layihə korrupsionerləri ifşa edən şəxslərin həvəsləndirilməsini və təhlükəsizliyini təmin edəcək.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlament komitələrinin birgə iclasında məsələ ilə bağlı ətraflı məlumat verib. Qanun layihəsi 5 fəsil və 19 maddədən ibarətdir. Sənəd qurumlarda şəffaflığı artırmaq, hüquqpozmaları önləmək və dözümsüzlük mühiti yaratmaq məqsədi daşıyır.

Daxil olan şikayətlər dərhal qeydə alınacaq. Müraciətlər 20 iş günü müddətində araşdırılacaq. Əlavə sənədlər tələb olunduqda bu vaxt daha 10 iş günü uzadıla bilər. Pozuntu təsdiqlənərsə, müvafiq tədbirlər görüləcək. Cinayət tərkibi olduqda isə materiallar hüquq-mühafizə orqanlarına ötürüləcək.

Xəbər verən şəxslərə dövlət tərəfindən geniş hüquqi müdafiə verilir. Məfhumların konfidensiallığı tam qorunacaq. Vətəndaşlar pulsuz hüquqi yardım alacaq və məhkəmə xərclərindən azad ediləcəklər. Məlumat verən şəxslərə, onların qohumlarına hədə-qorxu gəlinməsi, iş yerində sıxışdırılması və ya əmək müqaviləsinə xitam verilməsi qəti qadağan olunur.

İfşa olunan faktlar üzrə maddi mükafat nəzərdə tutulur. Mükafatın həcmi minimum əməkhaqqının 25 mislinə qədər ola bilər. Dövlətə vurulan zərər bərpa edildikdə, həmin vəsaitin 5 faizi məlumat verən şəxsə ödəniləcək. Xəsarət alan və ya həlak olan şəxslərin ailələrinə birdəfəlik müavinət veriləcək.

Qanunun tətbiqinə və statistikaya Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya nəzarət edəcək.

Beləliklə, yeni qanun layihəsi korrupsiya halları ilə mübarizədə vətəndaşların fəallığını artırmağa və onların təhlükəsizliyini tam təmin etməyə imkan verəcək.