Dünyada neft ehtiyatları Yaxın Şərqdə davam edən böhran fonunda dəhşətli dərəcədə aşağı səviyyəyə enib.
Bu barədə "Saudi Aramco"nun rəhbəri Amin Nasser Londonda keçirilən "Energy Intelligence Forum"da bildirib.
Bu bəyanat "Böyük yeddilik" ölkələrinin yanacağın qiymət artımının qarşısını almaq üçün 100 milyon barelə qədər neft və dizel yanacağı buraxmaq barədə razılığa gəlməsindən bir neçə gün sonra verilib.
Şirkətin baş direktorunun sözlərinə görə, ehtiyatların anbarlardan buraxılması yalnız müvəqqəti dəstək göstərəcək, tədarüklə bağlı uzunmüddətli problemləri həll etməyəcək.
"Hörmüz boğazı tam açılana və etimad bərpa olunana qədər vəziyyətin sərt reallığı ondan ibarətdir ki, hər iki tərəfdən təzyiq artacaq", – o bildirib və əlavə edib ki, dünya üzrə neft tədarükünün dayanıqlılığı olduqca aşağı səviyyədədir.
Nasser qeyd edib ki, fevral ayında ABŞ və İsrail İranla müharibəyə başlayandan bəri dünya neft ehtiyatlarının təxminən 30 %-i "itirilib".
"Dünya bu böhrana demək olar ki, 10 milyard barel neft ehtiyatı ilə daxil olub, o vaxtdan bəri ümumi neft təklifinin təxminən 3 milyard bareli itirilib", - o deyib.
Nasser əlavə edib ki, Hörmüz boğazı tam açılandan sonra neft ehtiyatlarının doldurulmasına iki ilə qədər vaxt gedəcək.(Report)


