Yağıntılar nəticəsində yollarda yaranan gölməçələrdən avtomobillə keçərkən nəqliyyat vasitəsinə müxtəlif zərərlər dəyə bilər. Mühərrikin sıradan çıxması, buferin qopması və digər texniki zədələr sürücünü əlavə xərclərlə üz-üzə qoya bilər.
Avtomobili gölməçəyə girdikdən sonra zərər görən şəxsin xərcləri sığorta tərəfindən hansı hallarda qarşılanır?
Sığorta eksperti Vüsal Bədəlov Demokrat.az-a açıqlamasında söyləyib ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məsuliyyət sığortasıdır:

"Yəni qarşı tərəfə vurulan zərərə görə təminat verir. Bu hallarda nəqliyyat vasitəsi KASKO ilə sığorta olunmalıdır. KASKO sığortası sel, daşqın, su basması, qısaqapanmadan yaranan yanğın və demək olar ki, bütün təbii fəlakətlər zamanı təminat verir. Burada bir nüans var: nəqliyyat vasitəsinin hansı halda zərər gördüyünə baxılır".
Onun sözlərinə görə, ola bilər ki, qarşısıalınmaz hal nəticəsində nəqliyyat vasitəsi seldə, suda və ya daşqında qalsın:
"Əgər hadisənin qarşısını almaq mümkün olduğu halda sürücü bilərəkdən həmin gölməçədən keçirsə və bunun nəqliyyat vasitəsini batıracağını və ya hansısa zərər verəcəyini bilirsə, bu hallarda sığorta şirkəti təminat verməyə bilər. Ancaq qarşısıalınmaz təbii fəlakətlərin hamısında nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin qarşılanması üçün nəqliyyat vasitəsi KASKO ilə sığorta olunmalıdır".


