Məlumatsızlıq və ya bir anlıq diqqətsizlik nəticəsində səhv karta köçürülən vəsaitlər minlərlə vətəndaş üçün əsl maliyyə kabusuna çevrilir. Saniyələr ərzində başqasının hesabına axan pulların taleyi və onları geri qaytarmağın gözlənilməz hüquqi tərəfləri hamını düşündürür.
Bəs kartdan-karta yanlış köçürülən vəsait hansı hüquqi prosedur əsasında geri qaytarılır və pulun köçürüldüyü şəxs vəsaiti qaytarmaqdan imtina edərsə, göndərən şəxsin hansı hüquqi imkanları var?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, əgər vətəndaş hər hansı səbəbdən səhvən başqa şəxsin kartına pul köçürübsə, ilk növbədə öz bankına müraciət etməlidir.

Onun sözlərinə görə, bu zaman vətəndaş banka bildirir ki, müəyyən məbləği səhvən başqa karta köçürüb və həmin vəsaitin geri qaytarılmasını istəyir:
"Bundan sonra vəsaiti göndərən bank pulun köçürüldüyü bankla əlaqə saxlayır və bildirir ki, müəyyən məbləğ səhvən həmin bankın müştərisinin kartına köçürülüb. Alan bank da öz növbəsində müştərisi ilə əlaqə saxlayaraq ona məlumat verir ki, kartına səhvən pul daxil olub və həmin vəsaiti geri qaytarması xahiş olunur.
Burada bir məqamı da nəzərə almaq lazımdır. Vəsaiti göndərən şəxsə alan şəxsin kimliyi birbaşa açıqlana bilməz. Çünki bank müştərisinin şəxsi məlumatları və hesabları ilə bağlı məlumatlar bank sirri hesab olunur. Ona görə də vətəndaşın qarşı tərəfin kim olduğunu bilməməsi normaldır.
Əgər vəsaiti alan şəxs də vəziyyəti qəbul edirsə və pulun həqiqətən səhvən onun kartına köçürüldüyünü təsdiqləyirsə, həmin məbləği geri qaytara bilər. Bu halda vəsait bank vasitəsilə göndərən şəxsin hesabına qaytarılır. Təbii ki, köçürmə zamanı bank tərəfindən müəyyən xidmət haqqı və ya komissiya tətbiq oluna bilər".
Hüquqşünas əlavə edib ki, amma başqa bir vəziyyət də mümkündür:
"Tutaq ki, vətəndaş banka müraciət edib və bildirir ki, pul səhvən başqa şəxsin kartına gedib. Alan bank öz müştərisi ilə əlaqə saxlayır, lakin həmin şəxs vəsaiti qaytarmaqdan imtina edir və bildirir ki, pul ona düzgün şəkildə köçürülüb və qaytarılmamalıdır.
Bu halda artıq banklar arasında yazışma ilə məsələ həll olunmaya bilər və vətəndaşın məhkəməyə müraciət etmək hüququ yaranır. Burada əsas problem ondan ibarətdir ki, göndərən şəxs vəsaiti alan şəxsin kim olduğunu bilmir. Çünki bank həmin şəxsin adını və digər məlumatlarını bank sirri səbəbindən müştəriyə təqdim edə bilməz.
Vətəndaş bu halda məhkəməyə müraciət edə bilər. Məhkəmə prosesində vəsaitin hansı karta və hansı bankın müştərisinə köçürüldüyünün müəyyənləşdirilməsi mümkündür. Məhkəmənin sorğusu əsasında bank artıq həmin məlumatları təqdim edə bilər. Yəni məhkəmə araşdırması çərçivəsində vəsaiti alan şəxsin kimliyi müəyyən edilə bilər.
Bundan sonra həmin şəxs məhkəmədə öz mövqeyini əsaslandırmalıdır. Əgər o, pulun ona qanuni əsaslarla köçürüldüyünü və həmin vəsaiti saxlamaq üçün hüquqi əsasının olduğunu sübut edə bilirsə, məsələ buna uyğun qiymətləndirilir. Əks halda, yəni məhkəmə müəyyən edərsə ki, pul səhvən köçürülüb və həmin şəxsin bu vəsaiti əldə etməsi üçün hüquqi əsas yoxdur, pulun göndərən şəxsə qaytarılması barədə qərar qəbul edilə bilər.
Ona görə də kartdan karta səhv köçürülən vəsaitlə bağlı ilk addım mütləq bank vasitəsilə məsələni həll etməyə çalışmaqdır. Alan şəxs vəsaiti könüllü şəkildə qaytararsa, problem daha asan həll olunur. Əgər qaytarmaqdan imtina edirsə, vətəndaşın hüquqi müdafiə vasitələrindən, o cümlədən məhkəməyə müraciət etmək imkanından istifadə etməsi mümkündür".


