Elman Nəsirov: "Sual vermirlər ki, xalq bizə niyə etimad göstərmir?"

SİYASƏT 14 fev 2020, 10:39

Seçkilərdə məğlubiyyət yaşayan, xalqın etimadını qazanmayan qüvvələr niyə “günah keçisi” axtarışına çıxıb?

 

9 fevralda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrindən narazı qalan Müsavat, REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlər fevralın16-na mitinq təyin ediblər. Bu barədə Müsavat başqanı Arif Hacılı özünün “Facebook” profilində status paylaşıb.

 

Mitinq keçirmək üçün məkan olaraq, metronun “28 May” stansiyasının qarşısı seçilib. Artıq icazə üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ünvanlanıb. Müraciətə rəsmi qurum cavab verib.

 

BŞİH-dən verilən məlumata görə, 16 fevral 2020-ci il tarixdə keçirilməsi planlaşdırılan mitinqin təşkilatçıları İlqar Məmmədova, Ruslan İzzətliyə, Fərhad Mehdiyevə, Fərəc Kərimova və Günel Səfərovaya göndərilən cavab məktubunda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş 11 fevral 2020-ci il tarixli müraciətə yenidən baxılıb.

 

“Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunub. Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir və müraciətin baxılmamasına əsas verir. Buna görə şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq məsələyə baxılması məqsədəuyğun hesab edilməyib. Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq, bu məsələyə yenidən baxıb.Nəzərinizə çatdırırıq ki, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi ”Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında"  keçirilməsini təklif edirik" - deyə, BŞİH-in məktubunda deyilir.

 

Lakin mitinq təşkilatçıları Lökbatana getməkdən imtina ediblər. Bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib. “Lökbatan təklifindən imtina etdik. 16 fevralda seçki saxtakarlığına qarşı aksiya Bakı şəhərində keçirilməlidir”, - deyə REAL sədri bəyan edib.

 

V çağırış Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında müxalifətin niyyətinin  başqa cür olduğunu söylədi: “Əvvəla, onu deyim ki, bu gözlənilən idi. Dəfələrlə biz şahidi olmuşuq ki, müxalifət özlərinin total uğursuzluqlarının kökünü heç zaman özlərinin fəaliyyətsizliyində görmürlər. Heç bir özlərinə sual vermirlər ki, niyə uğursuzuq, niyə xalq bizə etimad göstərmir. Bu sualların cavabını belə axtarmaq istəmirlər. Yaxşı bilirlər ki, ölkədəki bu inkişafın, sabitliyin, əmin-amanlığın, təhlükəsizlik mühitinin əsasında cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, onun müəyyənləşdirdiyi islahatlar kursu dayanır. Cənab prezidentin istənilən təşəbbüsü xalq tərəfindən dəstəklənir. 9 fevraldakı növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Yeni Azərbaycan Partiyasının 72 namizədi seçkidə liderdir. Yeri gəlmişkən, deyim ki, 2015-ci ildəki seçkilərdən daha üstün nəticədir. Belə olan vəziyyətdə hesab edirəm ki, bütün bunlar Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirir. Bu qələbədə heç şübhəsiz ki, ölkə başçısının uğurlu daxili və xarici siyasəti mühüm rol oynayır. Seçkilərdə məğlubiyyət yaşayan, xalqın etimadını qazanmayan müxalifət artıq ”günah keçisi" axtarışına çıxıb. İşləri-gücləri ancaq kimisə ittiham etməkdir. Bu müxalifəti gələcəkdə də daha ciddi, böyük məğlubiyyətlər gözləyir. Nə qədər ki, uğursuzluqların səbəblərini axtarmırsan, bundan nəticə çıxarmırsan, belə şəraitdə yeni-yeni məğlubiyyətlər seriyası səni gözləyir. Bu hər kəsə-insanlara da, müxalifətə də, dövlətlərə də aiddir. Xalqın etimadını qazanmayan bu qruplaşmalar beynəlxalq aləmdə özlərinə havadarlar tapmağa çalışırlar. Çalışırlar ki, beynəlxalq aləmdən dəstək alsınlar. Bu dəstək də daha çox maliyyə vəsaitləri verməklə olur. Dəfələrlə biz bu kimi halların şahidi olmuşuq. İndi canfəşanlıq edib, siyasi şou yaratmağa çalışırlar. Bunların heç bir nəticəsi olmayacaq. Azərbaycan demokratik inkişaf yolu seçmiş bir dövlətdir. Son seçkilər də bunun nəticəsi idi. Bu seçkilər qızğın rəqabət halında keçdi. 1300-dən çox namizəd iştirak etdi. Müxalifətin 16 fevralına mitinqinə icazə verilib. Amma onlar şəhərin mərkəzində mitinq keçirmək istəyirlər. Bu da qanunvericiliyin tələblərinə ziddir. Çünki ora insanların, nəqliyyatın sıx olduğu ərazidir. Müxalifət indi mitinqlərdən daha çox taktikalarını dəyişmək barədə düşünməlidirlər. Biz xalq etimadını qazana bilmirik, necə edək ki, xalq müəyyən dərəcədə zəif olsa da, bizə etimad göstərsin. Onlar hələ də köhnə düşüncə ilə yaşayırlar". (Yeni Müsvat)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top