Maraqlı

Şirin mandalini belə seçmək olar

Şirin mandalini belə seçmək olar

Mandalinin dadını qabığını soymadan dəqiq müəyyənləşdirmək çətin olsa da, onun görünüşü, çəkisi, qoxusu və sərtliyi düzgün seçim etməyə kömək edə bilər.

Demokrat.az xəbər verir ki, ilk növbədə qabığına diqqət yetirmək lazımdır. Təravətli görünən, həddindən artıq qırışmamış və əzikləri olmayan mandarinlərə üstünlük vermək məsləhətdir. Qabığın meyvəni yaxşı örtməsi də müsbət əlamət sayılır.

Meyvə ilə qabıq arasında çox boşluq olan və qabığı həddindən artıq boş hiss edilən mandarinlər su itirmiş ola bilər. Mandarinin sulu olub-olmadığını müəyyənləşdirməyin ən sadə yollarından biri eyni ölçüdə olan iki meyvəni müqayisə etməkdir. Ölçüsünə nisbətən daha ağır gələn mandarin adətən daha sulu olur. Böyük, lakin çox yüngül mandarin isə daha quru ola bilər. Qabığın rənginə də yalnız bir meyar kimi yanaşmaq olmaz.

Bəzi yetişmiş mandarinlərin üzərində yaşıl hissələr qala bilər. Bu, onun mütləq turş olması demək deyil. Meyvənin rənginə onun növü və yetişdiyi şərait də təsir edir.

Mandalin nə çox sərt, nə də həddindən artıq yumşaq olmalıdır. Yüngül elastiklik normaldır. Çökmüş, süngər kimi yumşaq və ya müəyyən hissələri həddindən artıq yumşalmış meyvələrdən uzaq durmaq daha yaxşıdır.

Qoxu da seçim zamanı kömək edə bilər. Təzə mandalinin özünəməxsus, xoş sitrus ətri olur. Qabıq yüngülcə hərəkət etdirildikdə bu qoxu daha aydın hiss olunur.

Meyvənin sap hissəsinə də diqqət yetirmək mümkündür. Həddindən artıq qurumuş sap və qabıqdakı nəzərəçarpacaq qırışlar mandalinin uzun müddət saxlanıldığını göstərə bilər. Yarpaqlı mandarinlərdə yarpağın canlı görünməsi isə təzəliyə dair əlavə ipucu ola bilər. Lakin yarpağın olmaması meyvənin köhnə olması demək deyil.

FH
Fidan Hacızadə
Müxbir