Mətbəximizin ayrılmaz simvollarından olan qara çayın dadına yalnız yarpaqların keyfiyyəti deyil, dəmləmə şərtləri də təsir edir.
Demokrat.az xəbər verir ki, "Scientific Reports" jurnalında dərc olunan elmi araşdırmaya görə, dəmləmə zamanı suyun temperaturu, dəmlik növü və dəmləmə müddəti çayın kimyəvi tərkibinə birbaşa təsir göstərir.
Tədqiqat çərçivəsində 2 688 stəkan çay nümunəsi təhlil edilib. Nəticələr suyun temperaturunun və dəmləmə üsulunun çayın keyfiyyətində mühüm rol oynadığını göstərib.
Soyuq su ilə dəmləmə ənənəvi çay hazırlama üsulundan fərqlənməklə yanaşı, ekstraksiya prosesini zəiflədir və çay yarpaqlarının aromatik maddələri kifayət qədər buraxmasına mane olur.
Araşdırmanın nəticələrinə əsasən, dəmləmə suyunun temperaturu çaydakı kofein, ümumi fenolik maddələr, teaflavinlər və tearubiginlərin miqdarını müəyyən edən əsas amillərdən biridir.
Birbaşa qaynar sudan istifadə həssas komponentlərə mənfi təsir göstərə bildiyi üçün suyu qaynatdıqdan sonra qısa müddət gözlətmək və daha uyğun temperatura çatdırmaq tövsiyə olunur.
Suyu dəmliyə birdən-birə tökmək əvəzinə yavaş və nəzarətli şəkildə əlavə etmək yarpaqların bərabər islanmasına imkan verir.
Duyğusal və kimyəvi analizlər çayın rəngi və parlaqlığı ilə onun tərkibindəki antioksidant fenolik birləşmələr arasında güclü əlaqə olduğunu göstərib.
Dəmləmə zamanı dəmliyin qapağını bağlı saxlamaq isə uçucu aromaların çayın tərkibində qalmasına kömək edir və dad balansını yaxşılaşdırır.
Çay dəmləyərkən yol verilən əsas səhvlərdən biri dəmliyi ocağın üzərində yüksək temperaturda həddindən artıq uzun müddət saxlamaqdır.
Bu, çayın təravətini itirməsinə, rənginin tündləşməsinə və ağızda büzüşdürücü, acımtıl dadın yaranmasına səbəb ola bilər.
Dəmləmə başa çatdıqdan sonra çayın ocaqdan götürülməsi və ya temperaturunun aşağı salınması aromatik balansın qorunmasına kömək edir.
Çay yarpaqlarının dad potensialını üzə çıxaran mühüm amillərdən biri də suyun keyfiyyətidir.
Tərkibində çoxlu əhəng və ya mineral olan sərt su çayın şəffaflığını poza və təbii qoxusunu zəiflədə bilər. Təmizlənmiş və ya keyfiyyətli içməli sudan istifadə çayın zəngin aroma profilinin daha dolğun şəkildə ortaya çıxmasına imkan verir.
Jalə

