Siyasət Özəl

Sülh sazişinin imzalanma ehtimalı kifayət qədər yüksəkdir — Politoloq

Sülh sazişinin imzalanma ehtimalı kifayət qədər yüksəkdir — Politoloq

“Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin davamlı şəkildə normallaşması Cənubi Qafqazda sabitliyi möhkəmləndirə və yeni ticarət marşrutlarının yaranmasına imkan verə bilər. Agentliyin qiymətləndirməsinə görə, Bakı ilə İrəvan arasında uzunmüddətli razılaşmanın əldə olunması regional sabitliyi gücləndirəcək, nəqliyyat bağlantılarını yaxşılaşdıracaq, Qafqazda ticarət və tranzit əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradacaq.

Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Cənubi Qafqazın onilliklər boyu əsas problemi məhz Azərbaycan və Ermənistan arasında mövcud olan müharibə vəziyyəti olub:

Sülh sazişinin imzalanma ehtimalı kifayət qədər yüksəkdir — Politoloq

“Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti bütövlükdə regionu inkişaf mərhələsindən kənarda saxlayıb. Təbii ki, bu, birmənalı şəkildə ilk növbədə Rusiyanın da maraqlarına cavab verirdi. Rusiya həm Ermənistanı, həm də Azərbaycanı öz təsir dairəsində saxlamaq üçün Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın mövcud olmasında maraqlı idi. Erməni radikalları da bundan istifadə edərək Azərbaycana qarşı ərazi iddialarını reallaşdırmağa çalışırdılar. Ancaq həmin mərhələ artıq arxada qalıb. Belə ki, Azərbaycan Ermənistanla 44 günlük savaşda qalib gələrək Rusiyanın Cənubi Qafqazı nəzarətdə saxlamaq mexanizmini sıradan çıxarıb. İndi Azərbaycan və Ermənistan arasında sülh prosesi yekun mərhələyə yaxınlaşır və iki ölkə arasında yekun sülh sazişinin imzalanma ehtimalı kifayət qədər yüksəkdir”.

Onun sözlərinə görə, əgər bu baş verərsə, o zaman iki ölkə arasında, eləcə də bütövlükdə regionda bütün nəqliyyat-kommunikasiya xətləri açılacaq:

“Eyni zamanda, Avropa və Asiyanı birləşdirəcək TRACECA və ya digər nəqliyyat marşrutlarının da reallaşdırılması mümkün olacaq. Bu halda həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə region genişmiqyaslı inkişaf perspektivləri qazanmış olacaq. Belə ehtimal etmək olar ki, indi Cənubi Qafqazda savaş mühitinin qalmasında maraqlı olan dövlətlərin sayı o qədər də çox deyil. Bu dövlətlərin sırasında Rusiya və İranı xüsusi olaraq qeyd etmək olar. Digər dövlətlər, xüsusilə də Qərb ölkələri, eləcə də Orta Asiya dövlətləri Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlıdırlar. Çünki bu halda Cənubi Qafqaz iki qitəni birləşdirən böyük logistika qovşağına çevriləcək və bundan dünyanın onlarla, hətta yüzlərlə dövləti faydalanmış olacaq. Bu baxımdan hesab etmək olar ki, Cənubi Qafqazda sülhün hökm sürməsi hazırda bütün region ölkələri üçün strateji hədəf xarakteri daşıyır”.

Fidan Hacızadə

D
demokrat.az