Azərbaycanda valideynlərin övladlarını özəl məktəblərə göndərməyə marağı artır. Son illərdə bu məktəblərə üstünlük verən ailələrin sayı da çoxalır. Valideynlər övladlarının daha keyfiyyətli təhsil alması, fərdi yanaşma və müasir tədris imkanlarından yararlanması üçün özəl məktəblərə üz tuturlar.
Bəs bu seçimə təsir edən əsas amillər hansılardır? Valideynlər özəl məktəbləri dövlət məktəblərindən daha üstün hesab edirlərmi, yoxsa burada başqa sosial və təhsil amilləri də rol oynayır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda bütün valideynlər övladlarını əsasən ali təhsil müəssisələrinə qəbul üçün təhsilə yönəldirlər.
Onun sözlərinə görə, valideynlərin başqa məqsədləri, məsələn, övladlarının yaxşı peşə qazanması, özünü başqa bir sahədə sınaması və bacardığı işin arxasınca getməsi kimi yanaşmalar o qədər də geniş yayılmayıb:
“Ancaq ali təhsil müəssisəsi hədəflənir. Ona görə də bu gün artıq repetitorluğa xərclənən pulları ümumi hesabda görürlər ki, elə həmin məbləğ təxminən özəl məktəblərdə oxumağa xərclənən vəsaitə az qala bərabərdir.
Ona görə də daha çox imkanı olan iş adamları, yüksək vəzifə sahibləri övladlarını özəl liseylərdə oxutmağa daha çox maraq göstərirlər. Bu, bir tərəfdən təhlükəsizlik baxımından onlara sərf edir. Çünki uşaq səhər gedir, günorta yeməyini də orada yeyir, ev tapşırıqlarını da elə məktəbin özündə yerinə yetirir.
Deməli, özəl məktəblərin də hədəfi birbaşa ali təhsil müəssisələrinə qəbul nəticələri ilə bağlıdır. Başqa bir məsələ də odur ki, özəl liseylərin fərqli cəhətlərindən biri övladlarını xaricdə oxutmaq istəyənlər üçün imkan yaratmasıdır. Məsələn, xaricdə təhsil almaq istəyən valideynlərin övladları üçün özəl liseylərdə IB, Cambridge, SAT kimi proqramlar üzrə onların arzusuna və istəyinə uyğun qruplar açılır. Bu da gələcəkdə onların xaricdə ali təhsil almalarına imkan yaradır. Yəni şagird həmin proqramlar üzrə hazırlaşır.
Ona görə də bu gün artıq özəl liseylərin və onların filiallarının sayı artıb. Yəni bu, birbaşa sadaladığım faktlarla bağlıdır: ya valideynlər övladlarını xaricdə təhsil almağa hazırlayırlar, ya da repetitorluqdan xilas olmaq üçün özəl liseylərə üstünlük verirlər.
Düzdür, indi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə pilot layihə kimi ümumi təhsil məktəblərinin bəzilərində xüsusi təmayüllü siniflər yaradılır. Bu da ali təhsil müəssisələrinə qəbul zamanı repetitor ehtiyacını azaltmağa imkan yarada bilər. Bu layihə artıq pilot olaraq tətbiq edilib. İndi valideynlərin çoxu, xüsusilə yuxarı sinif şagirdlərinin valideynləri övladlarını təmayül siniflərində görmək istəyirlər.
Heç də təsadüfi deyil ki, Bakı şəhəri üzrə bu ildən təxminən 31 məktəb bu istiqamətdə fəaliyyət göstərəcək. Artıq həmin məktəblər üçün lazım olan həm müəllimlər, həm də şagirdlər seçilib.
Düşünürəm ki, özəl liseylərə qəbul sayının artması mənim sadaladığım faktlarla əlaqəlidir”, - deyə Məzahir Məmmədli fikrini tamamlayıb.


