Məktəblərin açılmasına az müddət qalmış mütəxəssislər valideynlərə uşaqların sağlamlıq müayinələrini diqqətdən kənarda qoymamağı tövsiyə ediblər. Xüsusilə görmə və eşitmə problemlərinin vaxtında aşkarlanmasının uşağın təhsil prosesinə birbaşa təsir göstərə biləcəyi bildirilir.
Mütəxəssislərin sözlərinə görə, uşaqlar yalnız xəstələndikləri zaman deyil, sağlam olduqları dövrdə də mütəmadi tibbi nəzarətdə olmalıdırlar. Rutin müayinələr uşağın böyümə və inkişafının izlənilməsinə, eləcə də mümkün sağlamlıq problemlərinin erkən mərhələdə aşkarlanmasına imkan verir.
Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis doktor A. Oğuz Pektaş sağlam uşağın mütəmadi izlənilməsinin onun inkişafının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Görmə və eşitmə problemləri dərsə təsir edə bilər
Mütəxəssislər məktəbə başlamazdan əvvəl uşaqların xüsusilə görmə və eşitmə baxımından yoxlanılmasının vacibliyini vurğulayırlar. Görmə problemi olan uşaq lövhəni izləməkdə və yazılanları oxumaqda çətinlik çəkə bilər. Eşitmə ilə bağlı problemlər isə müəllimin izah etdiklərini tam başa düşməyə, verilən tapşırıqları düzgün yerinə yetirməyə və dərsdə iştirak etməyə mane ola bilər. Bu səbəbdən uşağın dərslərdə çətinlik çəkməsi hər zaman diqqətsizlik və ya öyrənmə problemi ilə əlaqələndirilməməlidir. Bunun arxasında aşkarlanmadığı üçün uzun müddət diqqətdən kənarda qalan görmə və ya eşitmə problemi də dayana bilər.
Yalnız boy və çəki deyil, inkişaf da qiymətləndirilməlidir
Mütəxəssislər uşağın sağlamlıq vəziyyətinin yalnız boy və çəki göstəriciləri ilə məhdudlaşdırılmamalı olduğunu bildirirlər. Uşağın yaşına uyğun olaraqdil, motor, sosial və emosional inkişafıda qiymətləndirilməlidir. İnkişaf mərhələlərində yaranan fərqliliklərin erkən müəyyən edilməsi gələcəkdə yarana biləcək problemlərə vaxtında müdaxilə etməyə imkan yarada bilər. Rutin müayinələr zamanı uşağın peyvənd vəziyyəti, böyümə prosesi və ümumi sağlamlıq durumu da nəzərdən keçirilir.
Hər uşağa eyni analizlər lazım deyil
Mütəxəssislər bütün uşaqlara eyni qan analizlərinin və digər müayinələrin aparılmasının düzgün yanaşma olmadığını qeyd edirlər.
Lazım olan analiz və müayinələr uşağınyaşı, inkişaf xüsusiyyətləri və risk faktorlarınəzərə alınmaqla fərdi şəkildə müəyyən edilməlidir.
Mütəxəssislər valideynlərə məktəb başlamazdan əvvəl uşaqlarının ümumi sağlamlıq vəziyyətini yoxlatmağı, xüsusilə görmə və eşitmə ilə bağlı hər hansı şübhə olduqda müvafiq müayinələrdən keçirməyi tövsiyə edirlər.
Leyla Demokrat.az


