Kriminal Özəl

Yaşlı kişinin meyitinin qamışlığa atılmasının səbəbi bilindi

Yaşlı kişinin meyitinin qamışlığa atılmasının səbəbi bilindi

Sumqayıt şəhərində orta yaşlı kişinin qətlə yetirilməsinin detalları məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 4 fevral 2024-cü il tarixdə baş verib. İmişli rayon sakini, 1993-cü il təvəllüdlü Habil Qonşəliyev 1976-cı il təvəllüdlü Rüfət Abdullayevi qətlə yetirib.

İstintaq sənədlərinə görə, İmişli rayon sakini, 1993-cü il təvəllüdlü Habil Qonşəliyev Ceyranbatan qəsəbəsi, Bağlar massivində yerləşən “Dörd qardaş” adlı şadlıq sarayının birinci mərtəbəsində fəaliyyət göstərən “Dayı Pub” adlı kafedə tanışları ilə spirtli içki içərək sərxoş olub.

Bundan sonra sərxoşluğun təsiri altında Habil qurudulmuş marixuana hesab olunan narkotik vasitəni qəbul etmək istədiyini bildirib və sərxoş olduğundan narkotik vasitə almağa piyada getmək istəmədiyindən onu aparması üçün digər tanışına zəng edib, onu olduğu kafedən aparmasını bildirib. Həmin şəxs kafeyə gəldikdən sonra Habil tanışları ilə birlikdə avtomobilə əyləşib, istifadəsində olan mobil nömrənin balansında vəsait olmadığından sürücünün mobil telefonu ilə əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı Rüfətə zəng edib, Sumqayıt şəhəri, BTZ bağları ərazisində Bakı-Quba magistral yolunun kənarında yerləşən “Günəş” adlı kafenin paralelində avtomobili saxlatdırıb.

Orada görüşdüyü Rüfətdən bir büküm “nəşə” adlı narkotik vasitə istəyib. Rüfət ondan narkotik vasitə üçün 10 manat pul istəməsindən, hazırda üzərində narkotik vasitənin olmadığını və pulu əvvəlcədən aldıqdan sonra gedib-gətirə biləcəyini bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı Rüfətin baş nahiyəsinə yumruq və təpiklə bir neçə güclü zərbə vurub. Rüfət aldığı zərbələrin təsirindən ölüb.

Habilin barəsində Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 235.4.3-cü (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə narkotik vasitələri talama və ya hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən Habil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, baş verən qətl hadisəsindən əvvəl iki-üç ay olardı heç yerdə işləməyib:

“Amma əvvəl Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Abşeron” yazısının yaxınlığında yerləşən nəqliyyat vasitələrinin təmiri sexində Sahəddin adlı ustanın yanında köməkçi işləmişəm. Təxminən həmin sexdə 5 ay işlədim. Hadisə ilə əlaqədar bildirəm ki, tanışlarım Xətai və Əsəd adlı şəxslərlə Ceyranbatanda yerləşən “Dörd Qardaş” adlı kafedə spirtli içki qəbul etdik. Üçümüz də spirtli içki qəbul etdik, hamımıza 0,7 litr araq və 0,5 litr viskini içdik”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra həmin şəxslərə “nəşə” adlı narkotik vasitə qəbul etmək istədiyini bildirib:

“Mən istifadəmdə olan mobil nömrə ilə qeydiyyatdan keçdiyim “WhatsApp” mobil tətbiqetməsi vasitəsilə tanışım Taqətə zəng etdim. Onunla işlədiyim təmir sexinə gəlib-getdiyi üçün münasibətlərim yaranıb. Ondan Sumqayıt-Bakı yolunun üstündə yerləşən “Günəş” kafesinə getmək istədiyimi bildirdim. Bu zaman o, benzinin olmadığını dedi, avtomobilinə benzin tökəcəyimi bildirdikdə razılaşaraq gələcəyini söylədi. Mən ona olduğumuz kafenin yerini izah etdim. O, saat 17:50 radələrində ora gəldi. Avtomobilə əyləşdikdən bir neçə dəqiqə sonra öz nömrəmdə kontur olmadığından sürücünün telefonunu zəng etmək üçün götürdüm. Onun telefonu ilə çoxdankı tanışım, əvvəllər bir neçə dəfə narkotik vasitə aldığım Rüfətə zəng etdim. Özümü təqdim etdim, onun yanına gələcəyimi dedim. Rüfət də mənə kafenin yanında olduğunu, gözlədiyini bildirdi. Taqət yanımda olduğundan açıq nə istədiyimi demədim, onsuz da Rüfət mənim narkotik almağa getdiyimi bilirdi. Rüfətdən “nəşə”nin bir bükümünü 10 manata alırdım. Bir büküm “nəşə”ni bir dəfəyə istifadə edirəm. Taqət yolu yaxşı bilmədiyindən ona yolu göstərdim. Biz arxa yolla üzü Bakı istiqamətinə, Bakı-Sumqayıt yoluna çıxdıq. “Günəş” kafesinin paralelinə çatdıqda avtomobili saxlatdım və avtomobildən Əsəd adlı tanışımla birlikdə endik. Avtomobillə dayandıqda, Rüfətin yanında bir yaşlı, saçının rəngi ağ olan şəxslə asfalt yolun kənarında gözlədiyini gördüm. Mən və Əsəd yolun digər tərəfinə keçdik və Rüfətə yaxınlaşdıq. Əsəd həmin yaşlı şəxsə “Əmi, bizi bağışla, Rüfətlə işimiz var” dedi. Mən də biz birlikdə kənara çəkildik”.

Habilin sözlərinə görə, dəmirçi sexinin qarşısındakı yüksək gərginlikli hündür elektrik dirəyinin arxasındakı torpaq yola daxil olublar:

“Rüfətdən bir büküm “nəşə” adlı narkotik vasitə istədim. Rüfət də 10 manat verməyimi, narkotiki gətirəcəyini bildirdi. Rüfətdən birinci “nəşə” adlı narkotik vasitəni verməsini tələb etdim. O da üstündə olmadığını, pulu aldıqdan sonra götürərək gələcəyini söylədi. Mən də ona üstündə narkotik olmadığı halda məni niyə yanına çağırdığını dedim. Bununla da aramızda sözlü mübahisə yaranmağa başladı. Həmin vaxt mənim üzərimdə pul yox idi. Özlüyümdə nəzərdə tutmuşdum ki, narkotiki Rüfətdən götürəndən sonra pulu sonra ona verəcəyəm. Əvvəllər də Rüfətdən nisyə narkotik vasitə almışdım”.

Habil qeyd edib ki, söhbət əsnasında Rüfətin çiynindən yapışaraq özünə tərəf çəkib:

“Çünki Rüfət məndən uzaqlaşmaq istəyirdi. Yəqin bunu həmin yaşlı kişi də görmüşdü. Bu zaman Rüfət qorxusundan dizini yerə ataraq “nəşə” adlı narkotik vasitəsinin olmadığını dedi. Mən də Rüfətin yaxasından tutaraq ayağa qaldırdım və irəlilədik. Ola bilər ki, Rüfətlə mübahisə edən zaman telefonuna zəng də gəlib və Rüfət danışıb. Çünki biz mübahisə edə-edə torpaq yolla irəlilədik. Bu minvalla Rüfətlə görüşdükləri yerdən torpaq yolla təxminən 100-110 metr aşağı düşdük. Həmin yerdə asfalt yoldan torpaq yola keçmək üçün balaca körpücük var. Həmin yerdə dayanaraq mübahisə edirdik. Bu zaman yanımızdan orta boylu, kök, yaşlı xala da keçirdi. Həmin xala mübahisə etməməyimizi dedi. Bu zaman Əsəd həmin xalaya “Sənlik deyil, xala, bu camaatın uşaqlarını zəhərləyir” ifadəsini işlətdi. Xala da yoluna davam edərək uzaqlaşdı. Biz də mübahisə edərək torpaq yolla irəliləməyə davam etdik. Əlavə olaraq təxminən 150 metr də getdik. Oradan sağ tərəfə, yəni asfalt yola aparan fərdi evlərin arasındakı yola daxil olduq. Həmin aralıqda Rüfətin məni aldatdığı üçün sərxoş vəziyyətdə qəfil əsəbləşdim və sağ əlim ilə Rüfətin üzünün burun nahiyəsinə bir dəfə yumruqla vurdum. Zərbənin təsirindən Rüfətin burnunun üstündə bir balaca sıyrıq əmələ gəldi və burnu qanadı. Zərbədən sonra Rüfət iti şəkildə qaçaraq həmin ərazidəki qamışlığa tərəf qaçdı və həmin qamışlığın içərisinə tullandı. Rüfətin arxasınca qaçaraq qamışlığa tullandım və tutaraq qamışlıqdan çıxardım, palçıqlı hissəyə çəkdim. Rüfət onu vurmağımın səbəbini soruşdu. Rüfətə “nəşə”si var deyərək məni niyə aldatdığını və çağırdığını bildirdim. Hər ikimiz üzbəüz ayaq üstündə idik. Rüfətin gödəkçəsinin yaxasından hər iki əlim ilə yapışdım, sağ ayağım ilə onun yan hissəsinə bir dəfə təpik vurdum. Lakin əlim ilə gödəkçəsindən tutduğum üçün yerə yıxılmağa qoymadım. Rüfət gödəkçəsinin iç döş cibindən pul qabını və mobil telefonunu çıxardaraq mənə “nəşə” adlı narkotik vasitəsinin olmadığını göstərdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Rüfətə inanmayıb, hesab edib ki, Rüfət onun pulu olmadığı üçün ona yalan danışır, üstündə “nəşə” adlı narkotik vasitəsi olmasına baxmayaraq ona vermir:

“Mübahisə zamanı Rüfət üstümdə pul olmadığını bilib. Bunu özüm də Rüfətə demişdim. Çünki Rüfət birinci pulu verməyimi, sonra “nəşə” adlı narkotik vasitəni verəcəyini deyirdi. Bu zaman Rüfətin əlindəki pul qabısını və smartfon mobil telefonunu alaraq qamışlığa tulladım. Sonra Rüfətin yenə gödəkçəsinin yaxasından tutdum və ikinci dəfə sağ ayağım ilə onun ayaqlarına zərbə vuraraq yerə yıxdım. Rüfət yerə yıxılan zaman gödəkçəsi əynindən tərs şəkildə çıxdı. Gödəkçə əlimdə qaldığı üçün yerə atdım. Rüfət yerdə oturaqlı vəziyyətdə olanda sağ ayağım ilə yan nahiyəsinə daha bir zərbə vurdum. Əsəd bütün bunlar baş verən zaman məni sakitləşdirməyə çalışırdı və sonuncu zərbədən sonra Əsəd məni özünə tərəf çəkdi ki, gəl gedək. Bu zaman Rüfət yerdə palçığın içərisində yanı üstə oturaqlı vəziyyətdə idi. Həmin zaman Rüfətin üzünün burun nahiyəsində qan var idi”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra oradan ayrılıb və irəli gedərək yerüstü piyada keçidinin yanına çatıblar:

“Orada bizi Xətai adlı tanışımız gözləyirdi. Mən “WhatsApp” mobil tətbiqetməsi vasitəsilə Xətaiyə zəng edərək məni yerüstü keçidin yanında gözləməsini dedim. Mənim yaşadığım ünvan həmin yerüstü keçiddən təxminən 300 metr aralıda, yolun digər tərəfində yerləşən “Praqa” hotelinin arxasında yerləşdiyindən piyada evimə getdim. Əsəd və Xətai də o tərəflərdə yaşayırlar. Onlar öz evlərinə getdilər. Səhəri gün Əsədlə birlikdə “Günəş” kafesinə çay içməyə getdik. Orada deyəsən Rüfətin qardaşı oğlu da oturmuşdu. Orada olanda bildim ki, Rüfət iki gündür evə getməyib. Mən həmin söhbəti eşitdikdən sonra kafedən tək çıxdım, Əsəd kafedə qaldı. Rüfəti vurduğum yerə gedərək baxmaq istəyirdim ki, bəlkə orada qalıb. Gedib hadisə yerinə baxmaq istəməyim barədə Əsədə heç nə demədim. Asfalt yolun kənarında dayanaraq hadisə yerinə qamışlığa uzaqdan baxdım. Amma həmin yerdə meyit görmədim. Bundan sonra evimə getdim. Bir neçə gün sonra məhəllə camaatından Rüfətin meyitinin tapıldığını eşitdim”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil 18 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Bundan sonra müdafiə tərəfi Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə işə baxılan zaman məhkum tərəfindən hakimə ərizə ilə müraciət edilib. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Ali Məhkəmə onun ərizəsini təmin edib və məhkumun kassasiya şikayətinin geri götürülməsi barədə qərar qəbul edilib.

Fariz Məlikli

D
demokrat.az