Çuğundur və sarımsaqdan hazırlanan salat həm gündəlik süfrə, həm də qış tədarükü üçün yaxşı seçimdir. Ədviyyatlı və bir qədər turşməzə dadı ilə ət və balıq yeməklərini, eləcə də müxtəlif qarnirləri tamamlayan bu qəlyanaltını ev şəraitində asanlıqla hazırlamaq mümkündür.
Demokrat.az xəbər verir ki, kulinariya mütəxəssisləri salat üçün şirin və şirəli süfrə çuğundurundan istifadə etməyi tövsiyə edirlər. Köklərin eyni ölçüdə olması onların bərabər bişməsinə kömək edir.
Çuğunduru əvvəlcə sobada bişirin
Bu reseptin əsas xüsusiyyətlərindən biri çuğundurun qaynadılmaması, sobada bişirilməsidir. Belə olduqda tərəvəz öz dadını və ətrini daha yaxşı saxlayır.
Çuğunduru yaxşıca yuyub qurudun. Qabığını soymadan hər birini ayrıca folqaya bükün və soba qabına yerləşdirin. 180-200 dərəcə temperaturda ölçüsündən asılı olaraq 40-60 dəqiqə bişirin.
Hazır olub-olmadığını diş çöpü və ya kibritlə yoxlamaq olar. Çuğundur yumşaldıqdan sonra sobadan çıxarılır, soyudulur və qabığı təmizlənir.
Sarımsaqlı çuğundur üçün lazım olan ərzaqlar
* 1 kq sobada bişirilmiş, soyulmuş və doğranmış çuğundur; * 5-6 diş sarımsaq; * 80-100 ml 9%-li sirkə; * 200 ml su; * 180 qram şəkər; * 20 qram duz; * 1 xörək qaşığı dənəli xardal; * təzə və ya qurudulmuş şüyüd; * 3 xörək qaşığı bitki yağı.
Hazırlanma qaydası
Bişmiş çuğunduru dairəvi formada və ya iri çubuqlar şəklində doğrayın. Sarımsağı xırdalayın və ya presdən keçirin.
Marinad üçün su, sirkə, şəkər, duz, bitki yağı, dənəli xardal və şüyüdü bir qazanda qarışdırın. Qarışığı qaynadın və şəkər ilə duz tam həll olunana qədər 1-2 dəqiqə bişirin.
Sterilizasiya edilmiş bankalara çuğundur və sarımsağı növbə ilə yerləşdirin. Üzərinə isti marinadı tökün və bankaların qapaqlarını möhkəm bağlayın.
Bankaları tərsinə çevirərək soyumağa qoyun. Tam soyuduqdan sonra sərin və qaranlıq yerdə saxlamaq olar.
Dadını dəyişmək istəyənlər marinada az miqdarda acı bibər, kəklikotu və ya rozmarin də əlavə edə bilərlər. Bu əlavələr qəlyanaltıya daha ətirli və fərqli dad verəcək.
Beləliklə, sadə məhsullardan hazırlanan sarımsaqlı çuğundur qış aylarında həm müstəqil qəlyanaltı, həm də əsas yeməklərin yanında təqdim edilə biləcək ləzzətli konservə çevrilir.
Jalə Demokrat.az


