Bakının Xəzər rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Vəfadar təxminən gecə saat 1 radələrində kirayə yaşadıqları nömrəsiz evdə həyat yoldaşı Zülfiyyə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında baş vermiş mübahisə zəminində yumruqla arvadının sifət və sağ qol nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Vəfadarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vəfadar ona verilən ittiham üzrə özünü təqsirli bilib. O, arvadı ilə barışdığını, əməlindən peşman olduğunu, arvadının ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Hökmə əsasən, onun barəsində olan cinayət işinin icraatına xitam verilib.


