Sosial Özəl

Xaricdə yaşayan azərbaycanlı uşaqların milli kimliyini qoruyacaq addım atıldı — Açıqlama

Xaricdə yaşayan azərbaycanlı uşaqların milli kimliyini qoruyacaq addım atıldı — Açıqlama

Elm və Təhsil Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi elan edib. Müsabiqənin əsas məqsədlərindən biri xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilini öyrənməsinə və Azərbaycan dilində təhsil imkanlarının genişləndirilməsinə dəstək verməkdir.

Müsabiqədə Azərbaycan dilinin tədrisi üzrə ən azı üç il pedaqoji staja malik müəllimlər iştirak edə bilər. Nazirlik sonradan sənəd qəbulunun müddətini də iyunun 16-dək uzadıb.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu məsələyə yalnız bir qrant müsabiqəsi və ya konkret layihə çərçivəsində deyil, daha geniş və sistemli müstəvidə yanaşmaq lazımdır.

Xaricdə yaşayan azərbaycanlı uşaqların milli kimliyini qoruyacaq addım atıldı — Açıqlama

Onun sözlərinə görə, söhbət sadəcə müəyyən müddət ərzində həyata keçiriləcək bir layihədən getmir:

“Xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqların ana dilini öyrənməsi, Azərbaycan dilində danışmaq və yazmaq bacarıqlarının qorunması çox mühüm milli və strateji məsələdir. Bu istiqamətdə görülən işlər davamlı, sistemli və uzunmüddətli xarakter daşımalıdır.

Ona görə də yalnız qrant müsabiqəsinin keçirilməsi ilə məsələnin həll olunduğunu düşünmək doğru olmaz. Qrant mexanizmi müəyyən layihələrin həyata keçirilməsinə imkan yarada bilər, amma bu, daha böyük və uzunmüddətli strategiyanın bir hissəsi olmalıdır.

Mən hesab edirəm ki, belə layihələr mümkün qədər geniş auditoriyanı əhatə etməlidir. Burada yalnız ayrı-ayrı şəhərlərdə və ya ölkələrdə yaşayan azərbaycanlı uşaqlar deyil, müxtəlif regionlarda yaşayan soydaşlarımızın övladları da nəzərə alınmalıdır.

Bunun üçün vahid və keyfiyyətli tədris proqramının hazırlanması, müəllim təminatının gücləndirilməsi, müasir tədris metodlarından istifadə və rəqəmsal imkanların genişləndirilməsi vacibdir. Çünki xaricdə yaşayan azərbaycanlı uşaqlara ana dilinin öyrədilməsi yalnız dil öyrənmə məsələsi deyil. Ana dili milli kimliyin formalaşmasının əsas elementlərindən biridir. Uşaq öz dilini, tarixini, mədəniyyətini və milli dəyərlərini nə qədər yaxşı bilirsə, Azərbaycanla mənəvi və mədəni bağları da bir o qədər güclü olur.

Bu baxımdan ana dilinin qorunması xaricdə yaşayan azərbaycanlı ailələr üçün də xüsusi əhəmiyyət daşıyır.

Digər mühüm məqam isə davamlılıqdır. Uşaqlara bir neçə ay və ya bir il ərzində Azərbaycan dilinin tədrisi ilə proses yekunlaşmır. Dilin qorunması üçün davamlı tədris, mütəmadi məşğələlər, uyğun dərs vəsaitləri və uşaqların yaşına uyğun proqramlar lazımdır. Bu baxımdan layihələrin nəticələrinin qrant müddəti başa çatdıqdan sonra da davam etdirilməsi üçün mexanizmlər əvvəlcədən müəyyənləşdirilməlidir”.

Təhsil eksperti əlavə edib ki, burada dövlət siyasəti baxımından da xüsusi əhəmiyyət daşıyır:

“Xaricdə yaşayan azərbaycanlı gənclərin və uşaqların milli kimliyinin qorunması, onların Azərbaycan dili və mədəniyyəti ilə əlaqələrinin gücləndirilməsi uzunmüddətli dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilməlidir. Bu işin nəticəsini bir və ya iki il ərzində deyil, uzunmüddətli perspektivdə görmək mümkündür.

Ona görə də düşünürəm ki, qrant müsabiqəsinin özü müsbət təşəbbüs olsa da, əsas məsələ onun hansı daha böyük strategiyanın tərkib hissəsi olmasıdır. Proqramın əhatə dairəsi, davamlılığı, maliyyələşmə mexanizmi, tədris metodları və nəticələrin qiymətləndirilməsi əvvəlcədən ciddi şəkildə hazırlanmalıdır. Yalnız bu halda xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilini öyrənməsi istiqamətində real, davamlı və uzunmüddətli nəticələr əldə etmək mümkün olar”, – deyə Elmin Nuri fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az