Osteoporoz, yəni sümük əriməsi uzun illər heç bir əlamət göstərmədən irəliləyə və bəzi hallarda ilk dəfə sınıqla özünü büruzə verə bilər. Mütəxəssislər hərəkətsiz həyat tərzi, qeyri-kafi qidalanma və D vitamini çatışmazlığının sümük sağlamlığı üçün ciddi risk yaratdığına diqqət çəkirlər.
Fiziki Tibb və Reabilitasiya mütəxəssisi Dr. Şirin Atlığ osteoporoz zamanı sümüklərin möhkəmliyinin tədricən azaldığını və sınıq riskinin artdığını bildirib.
Onun sözlərinə görə, xəstəlik əksər hallarda səssiz şəkildə inkişaf edir. Xüsusilə yaşlı insanlarda baş verən bud-çanaq sınıqları hərəkət qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra bilər.
Sümük sağlamlığında gənc yaşların rolu böyükdür
Sümük kütləsi gənc yetkinlik dövründə ən yüksək səviyyəsinə çatır. Buna görə uşaqlıq və gənclik illərində düzgün qidalanma və müntəzəm fiziki aktivlik sümük sağlamlığının qorunmasında mühüm rol oynayır.
Genetik faktorlarla yanaşı, kifayət qədərkalsium və zülal qəbulu, D vitamini səviyyəsi və müntəzəm idmanda insanın gələcək illərdəki sümük sağlamlığına təsir göstərir.
Uzun müddət hərəkətsiz qalmaq sümük və əzələ gücünün azalmasına səbəb ola bilər. Gəzinti, müqavimət məşqləri və yaşa və sağlamlıq vəziyyətinə uyğun ağırlıqda fiziki fəaliyyətlər isə sümük sağlamlığını dəstəkləyə bilər.
Menopozdan sonra risk artır
Menopozdan sonra estrogen hormonunun səviyyəsinin azalması sümük itkisini sürətləndirə bilər. Siqaret çəkmək, həddindən artıq spirtli içki qəbul etmək, bəzi dərmanlardan istifadə, aşağı bədən çəkisi və ailədə osteoporoz tarixçəsinin olması da xəstəlik riskini artıran amillər sırasındadır.
Mütəxəssislər sümük sağlamlığını qorumaq üçün kifayət qədər kalsium, zülal və D vitamini qəbulunun vacibliyini vurğulayırlar. Bununla belə, kalsium və D vitamini əlavələrinin həkim məsləhəti olmadan qəbul edilməsi tövsiyə edilmir. Hər məşq osteoporoz xəstələri üçün uyğun deyil
İp atlama kimi zərbəli məşqlər gənc və sağlam şəxslərdə sümük inkişafını dəstəkləyə bilər. Lakin osteoporozu olan və ya sınıq riski yüksək şəxslər üçün bu cür məşqlər təhlükəli ola bilər.
Bu səbəbdən xüsusilə yaşlı və sümük sıxlığı aşağı olan şəxslər məşq proqramını həkim və ya fiziki tibb və reabilitasiya mütəxəssisinin tövsiyəsi əsasında müəyyənləşdirməlidirlər.
Osteoporoz riski daşıyan şəxslərdəsümük mineral sıxlığının ölçülməsixəstəliyin erkən aşkarlanmasına kömək edə bilər. Xüsusilə menopozdan sonrakı qadınlara və ailəsində osteoporoz olan şəxslərə müayinələri gecikdirməmək tövsiyə olunur.
Erkən diaqnoz, düzgün fiziki aktivlik, balanslı qidalanma və zəruri hallarda dərman müalicəsi ilə osteoporoz səbəbilə yaranan sınıq riskini azaltmaq mümkündür.
Leyla Demokrat.az


