Maraqlı Özəl

Hansı xaçapuri daha ənənəvidir və "Acar üsulu" necə hazırlanır?

Hansı xaçapuri daha ənənəvidir və Acar üsulu necə hazırlanır?

Xaçapurinin çoxsaylı içlik variantları olsa da, daha ənənəvi və geniş yayılmış iki növü var.

Demokrat.az xəbər verir ki, gürcü restoranının aşpazı Daşa Zükova UNİAN-a açıqlamasında xaçapurinin növləri və bu yeməyin ev şəraitində hazırlanması barədə məlumat verib.

Onun sözlərinə görə, daha ənənəvi və geniş yayılmış növlər "Acar üsulu" xaçapuri və Meqreli üsulu xaçapuridir.

"Acar üsulu" xaçapuri qayıq formasında hazırlanan və iki növ pendirin – sulquni və İmereti pendirinin birləşməsindən ibarət xəmir yeməyidir.

“Bişirildikdən sonra xaçapuriyə çiy yumurta sarısı əlavə olunur. Qarışdırıldıqda bu, inanılmaz dərəcədə zərif dad yaradır”, deyə Zükova bildirib.

Meqreli üsulu xaçapuri isə dairəvi formada hazırlanır və burada da sulquni ilə İmereti pendirindən istifadə edilir. Lakin bu variantda içlik xəmirin içində tamamilə örtülür. Hazır olduqda xəmir xırtıldayan, üzəri isə qızılı pendir qabığı ilə örtülmüş olur.

Aşpazın sözlərinə görə, xaçapurinin içlikləri çox müxtəlif ola bilər. Buraya dana əti ilə hazırlanan kubdari, quzu əti ilə hazırlanan kubdari, lobya, soğan və ədviyyatlarla hazırlanan lobiani, pendir və ispanaq, kartof və göbələk, həmçinin toyuq və göbələkli variantlar daxildir.

"Acar üsulu" xaçapuri: ərzaqlar və hazırlanması

Zükova “bütün xaçapurilər möhtəşəmdir, çünki xəmir əllə hazırlandıqda ona sevgi də qatılır” deyərək "Acar üsulu" xaçapurinin reseptini təqdim edib.

Xəmir üçün:

* 500 qram un * 300 millilitr ilıq süd * 7 qram quru maya * 1 xörək qaşığı şəkər * 1 çay qaşığı xırda duz * 30 millilitr bitki yağı * 20 qram kərə yağı

İçlik üçün:

* 500 qram sulquni pendiri * 250 qram İmereti pendiri (çox duzlu olmayan ağ pendirlə əvəz edilə bilər) * 2-3 xörək qaşığı 10 faizli qaymaq

Üzəri üçün:

* 2 yumurta * 40 qram kərə yağı

Xəmir necə yoğrulur?

Əvvəlcə ilıq süddə maya və şəkər həll edilir. 10 dəqiqə sonra duz, bitki yağı, kərə yağı və un əlavə olunur.

Xəmir 8-10 dəqiqə yoğrulur. Daha sonra üzəri örtülür və həcmi ikiqat artana qədər 1,5-2 saat saxlanılır.

İçlik necə hazırlanır?

Pendir iri sürtgəcdən keçirilir və üzərinə qaymaq əlavə olunur. İçliyin şirəli, lakin duru olmaması vacibdir.

Xaçapuri necə formalaşdırılır?

Xəmir iki hissəyə bölünür. Hər hissə təxminən 30x20 santimetr ölçüdə oval formada yayılır.

Daha sonra uzun kənarlar ortasına doğru rulet formasında bükülür və ucları birləşdirilir. Beləliklə, qayıq formasında xəmir əldə edilir. İçərisinə pendirli içlik yerləşdirilir.

Xaçapurinin bişirilməsi

Soba əvvəlcədən 250 dərəcəyə qədər qızdırılır. Xaçapuri kənarları qızılı rəng alana qədər 12-15 dəqiqə bişirilir.

Son toxunuş

Bişdikdən sonra xaçapurinin ortasındakı pendirli içlikdə kiçik çökəklik yaradılır. Buraya yumurtanın sarısı qoyulur və üzərinə bir parça kərə yağı əlavə edilir.

Zükovanın sözlərinə görə, Gürcüstanda kərə yağı, pendir və yumurta birbaşa qayıq formalı xaçapurinin içində qarışdırılır. Daha sonra xəmirin kənarından qoparılan parçalar içliyə batırılaraq yeyilir.

Gürcü mətbəxi ilə bağlı mif

Zükova daha əvvəl gürcü mətbəxinin çox kalorili olması fikrinin geniş yayılmış mif olduğunu bildirib. Onun sözlərinə görə, bel çevrəsini artırmayan çoxsaylı “inanılmaz dərəcədə dadlı” gürcü yeməkləri var.

Aşpaz bu yeməklər arasında pxali, gürcü salatı, çaxoxbili, lobio, mtsvadi (şiş kabab) və balıq yeməklərinin adını çəkib.

Jalə Demokrat.az

D
demokrat.az