Mirzoyan və Rubio TRIPP-in həyata keçirilməsi ilə bağlı çərçivə sənədini açıqlayıblar
Demokrat.az xəbər verir ki, sənəd Ermənistan Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən birgə yayımlanıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Marko Rubio Vaşinqtonda keçirilən görüş zamanı "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsinə dair çərçivə sənədini açıqlayıblar.
Sənəddə TRIPP-in işə salınması mexanizmi müəyyən edilir və vurğulanır ki, bununla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, Transxəzər ticarət marşrutunun bir hissəsinə çevrilməsi nəzərdə tutulan, Ermənistan ərazisindən keçən multimodal tranzit marşrutunun yaradılması nəzərdə tutulur.
Sənəddə vurğulanır ki, layihə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda, çərçivə sazişi İrəvan və ya Vaşinqton üçün heç bir hüquqi öhdəlik yaratmır.
Layihənin həyata keçirilməsi məqsədilə "TRIPP Development Company" şirkətinin yaradılması nəzərdə tutulur. Şirkətdə ABŞ-ın 74%, Ermənistanın isə 26% paya sahib olması planlaşdırılır.
Şirkətə ilkin olaraq 49 illik müddətə infrastrukturun inkişafı hüquqları veriləcək. Daha sonra tərəfdaşlıq müddəti əlavə 50 il müddətinə uzadıla bilər və bu zaman Ermənistanın payının 49%-ə çatdırılması nəzərdə tutulur.
Şirkət dəmir yolu və avtomobil yolu infrastrukturunun tikintisi və istismarı, həmçinin enerji və rəqəmsal kommunikasiya sektorlarında layihələrin həyata keçirilməsi səlahiyyətlərinə malik olacaq. Potensial layihələrə dəmir yolları, magistral yollar, körpülər, tunellər, elektrik ötürücü xətlər, neft və qaz kəmərləri, eləcə də fiber-optik şəbəkələr daxildir.
Alparslan Demokrat.az


