Türkiyənin müdafiə sənayesi şirkəti "Aselsan" (Askeri Elektronik Sanayi) gəlirlərini 25% artırıb, ümumi dəyəri təxminən 5 milyard dollar olan yeni müqavilələr imzalayıb və istehsal gücünün genişləndirilməsinə yönəlmiş investisiyalarını təxminən üç dəfə artırıb.
Demokrat.az-ın məlumatına görə, Aselsan ilin ilk yarısında gəlirlərini real ifadədə 25% artıraraq 1,8 milyard dollara çatdırıb.
Artım yeni müqavilələr, eləcə də istehsal gücünün genişləndirilməsi və tədqiqat sahəsindəki investisiyalar hesabına təmin edilib.
İlin ilk altı ayında şirkət əvvəlki illə müqayisədə 72% artımla 4,9 milyard dollar dəyərində yeni müqavilələr imzalayıb. "Aselsan"ın ümumi sifariş portfeli 45% artaraq 23,2 milyard dollara çatıb.
İstehsal gücünün genişləndirilməsinə yönəldilən investisiyalar 195% artaraq 323 milyon dollar təşkil edib. Tədqiqat və inkişaf xərcləri 41% artaraq 804 milyon dollara çatıb; bu vəsaitlər xüsusilə kvant texnologiyaları və sualtı sistemlərin hazırlanmasına yönəldilib.
İlin birinci yarısında Aselsan, yüksək dəqiqlikli idarəolunan sursatların və müdafiə sistemlərinin istehsalı üçün nəzərdə tutulmuş, ümumi sahəsi 17 000 kvadratmetrdən çox olan yeni istehsal və sınaq obyektlərini istifadəyə verdi. Şirkət həmçinin çatdırılmaları sürətləndirmək və məhsul keyfiyyətini artırmaq məqsədilə 19 robotlaşdırılmış istehsal xəttini işə saldı.
Baş direktor Əhməd Akyol bildirdi ki, şirkətin maliyyə dayanıqlılığı sabit balans göstəricilərini qoruyub saxlamaqla yanaşı, yeni texnologiyalara investisiyaların davam etdirilməsinə imkan verəcək. Aselsan gələn ildən etibarən ümumi sifariş portfelinin həcminin 30 milyard dolları keçəcəyini proqnozlaşdırır.
Şirkət müdafiə layihələri ilə yanaşı, bu il mülki təyinatlı layihələr üzərində də işə başlayıb; bunlara Avropanın ən sürətli tam avtonom metro xətti üçün siqnalizasiya sistemləri və açıq ürək əməliyyatı üçün nəzərdə tutulmuş cihaz daxildir. Aselsan həmçinin "Forbes Global 2000" siyahısına düşən ilk və yeganə türk müdafiə sənayesi şirkəti olub.
Xatırladırıq ki, "Aselsan"ın antidron sistemləri hərbi ekspertlər tərəfindən dünyada ən effektiv sistemlər kimi dəyərləndirilir.
Alparslan Demokrat.az


