Ev sahibləri təhlükəsizlik üçün bahalı qapılar və müasir mühafizə sistemlərinə sərmayə qoyurlar. Lakin mütəxəssislərin fikrincə, insanların effektiv müdafiə barədə təsəvvürləri hər zaman reallığı əks etdirmir.
Demokrat.az xəbər verir ki, bu barədə "Onet Kobieta" nəşri yazıb.
Məlumata görə, möhkəm, sındırılması çətin qapılar oğruları çəkindirə bilsə də, cinayətkarlar hədəf seçərkən ilk növbədə məhz buna diqqət yetirmirlər.
Mütəxəssislər bildirirlər ki, potensial qurbanın seçilməsi evə daxilolma cəhdindən xeyli əvvəl başlayır. Təcrübəli oğrular əvvəlcə nəzarətin zəif olduğu və ərazidəki görünən təhlükəsizlik boşluqlarını müəyyən edirlər. Onlar evin ətrafındakı işıqlandırmaya və görünüş imkanlarına diqqət yetirirlər. Baxımsız hündür hasarlar, sıx bitki örtüyü və kölgəli həyətlər cinayətkarlar üçün əlverişli şərait hesab olunur.
Bundan əlavə, ətrafında sərbəst hərəkət etmək mümkün olan evlər daha cəlbedici görünür. Birinci mərtəbədə və zirzəmidə açıq qalan pəncərələr, jalüz və ya qoruyucu barmaqlıqların olmaması da oğurluq riskini artıran amillərdəndir.
Məqalədə qeyd olunur ki, müasir pəncərələrin bəzi zəif nöqtələri sadə alətlərlə və səs-küy yaratmadan bir neçə saniyə ərzində aşkar edilərək sındırıla bilər.
Evdə heç kimin olmadığını göstərən əlamətlər
Mütəxəssislərin sözlərinə görə, oğrular əvvəlcə ev sakinlərinin gündəlik vərdişlərini izləyirlər. Reklam və məktublarla dolmuş poçt qutusu, gün ərzində bir neçə gün bağlı qalan jalüzlər və ya həyətdə hərəkətin olmaması evin boş olduğuna, xüsusilə də ev sahiblərinin məzuniyyətdə olmasına işarə kimi qiymətləndirilir.
Qeyd edilir ki, cinayətkarlar sosial şəbəkələrdən də istifadə edirlər. İstirahət və səfərlə bağlı açıq paylaşımlar, məzuniyyət fotolarının real vaxtda dərc edilməsi oğrular üçün əlavə məlumat mənbəyinə çevrilir və onlara oğurluğu planlaşdırmağı asanlaşdırır.
Mütəxəssislər ev sahiblərinə elementar təhlükəsizlik qaydalarına riayət etməyi, uzunmüddətli səfərlər barədə məlumatları əvvəlcədən ictimai şəkildə paylaşmamağı və təhlükəsizlik boşluqlarını aradan qaldırmağı tövsiyə edirlər.
Jalə Demokrat.az


