Sosial Özəl

Qadınlar tərəfindən döyülən kişilərin sayı niyə artır? — Açıqlama

Qadınlar tərəfindən döyülən kişilərin sayı niyə artır? — Açıqlama

Boşanmadan sonra övlad məsələsində yaranan fikir ayrılıqları bir çox hallarda keçmiş həyat yoldaşları arasında ciddi münaqişələrə səbəb olur. Uşağın kimdə qalması, digər valideynin görüş hüququ və valideyn öhdəlikləri ilə bağlı anlaşılmazlıqlar bəzən emosional gərginliyi artıraraq daha ciddi problemlərə yol aça bilir. Ekspertlər hesab edirlər ki, belə halların arxasında yalnız hüquqi deyil, həm də sosial, psixoloji və ailə münasibətləri ilə bağlı amillər dayanır.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, son 30 ildə mənəvi dəyərlərdə müəyyən zəifləmə və dəyişikliklər baş verdiyindən, bəzən qarşımızdakı insana şəxsiyyət kimi deyil, gəlir mənbəyi və ya maneə kimi yanaşmağa başlamışıq.

Onun sözlərinə görə, istər ailə zorakılığı, istərsə də cinayətkarlıq, xuliqanlıq, dələduzluq və digər hüquq pozuntularının əsas səbəblərindən biri insanın qarşısındakı şəxsə münasibətidir:

“Məişət zorakılığı məsələsində cəmiyyətdə hələ də müəyyən stereotiplər mövcuddur. Bəzi hallarda kişi qadın tərəfindən fiziki zorakılığa məruz qaldıqda bunu ictimailəşdirməkdən və hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinir. Buna səbəb isə cəmiyyətin yanaşması, utanma hissi və bu kimi halların kişi üçün "qəbulolunmaz" hesab edilməsi ilə bağlı sosial təzyiqdir.

Məsuliyyət məsələsinə gəldikdə isə, təəssüf ki, sosial vəziyyət bir çox insanı elə bir vəziyyətə salır ki, bu kimi pozuntuların böyük hissəsi gizli qalır. Tərəflərdən biri maddi asılılıq səbəbindən digər şəxs barədə hüquq-mühafizə orqanlarına müraciət etmir.

Problemin profilaktikası ilə məşğul olmalı qurumlar, ailə və gender məsələləri üzrə strukturlar, eləcə də ictimai birliklər daha aktiv fəaliyyət göstərməlidir. Təəssüf ki, bəzən bu qurumlar yalnız ofis çərçivəsində fəaliyyət göstərir, yerlərdə monitorinq aparılmır. Bu gün heç bir qurum konkret olaraq deyə bilmir ki, məsələn, müəyyən bir rayonda neçə problemli ailə var və həmin ailələrlə bağlı son dövrdə hansı profilaktik tədbirlər görülüb.

Hesab edirəm ki, zorakılıq hallarının qarşısının alınması iki əsas istiqamətdə mümkündür: effektiv profilaktika tədbirləri və işlək cəza mexanizmi. Hazırda isə profilaktik tədbirlər kifayət qədər güclü deyil. Cəza mexanizmlərindən istifadə zamanı da bəzi zərərçəkənlər sosial və maddi vəziyyətlərini nəzərə alaraq şikayət etməkdən çəkinirlər. Onlar düşünürlər ki, qarşı tərəf məsuliyyətə cəlb olunarsa, ailənin maddi təminatı necə olacaq, yaşayışlarını necə davam etdirəcəklər.

İş imkanlarının məhdudluğu, sosial dəstək mexanizmlərinin yetərsizliyi bu insanların qərar verməsini çətinləşdirir. Buna görə də problemin qarşısının alınması üçün həm maarifləndirmə, həm sosial dəstək, həm də hüquqi mexanizmlər daha effektiv işləməlidir. Əks halda, təəssüf ki, bu kimi halların sayının artması riski qalır”, – deyə sosioloq fikrini tamamlayıb.

Xatırladaq ki, Bakıda keçmiş ərinə qarşı zor tətbiq edən 1997-ci il təvəllüdlü Tamara Xəlilovanın məhkəmə prosesi başa çatıb. Belə ki, Tamara uzun müddətdir ayrıldığı ərinin yaşadığı ünvana gələrək azyaşlı övladlarını götürmək istəyib. Keçmiş ərinin buna etiraz edərək uşaqları verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qadın qəsdən onun sifət nahiyəsinə zərbə endirib və sağlamlığına yüngül zərər vurub.

Nuray Paşşanlı

D
demokrat.az