Sosial

"26" kafesinin sahibinin yeni məkanı insanların etirazına səbəb oldu — VİDEO

26 kafesinin sahibinin yeni məkanı insanların etirazına səbəb oldu — VİDEO

“Fəaliyyətə əsasən axşam saatlarında başlayırlar və səhərə qədər vur-çatlasın davam edir. Ora gələn müştərilərin, səhərə qədər davam edən musiqinin səs-küyü bizi təngə gətirib”.

Badamdar qəsəbəsi 77 ünvanında yerləşən “Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri Yeniavaz.com-a klubun fəaliyyəti ilə bağlı şikayət ünvanlayıblar. Sakinlərin sözlərinə görə, klub 24 saat fəaliyyət göstərir, kluba gələn müştərilər səhərə qədər içəridə yüksək musiqi altında əylənir, daha sonra çıxıb küçədə sərxoş halda mahnı oxuyub, rəqs edirlər. Gecə saatlarında yaşanan bu vəziyyətdən narazı olan sakinlər xüsusilə azyaşlı övladları üçün narahat olduqlarını qeyd edirlər. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə 102 xidmətinə zəng edərək şikayət ediblər: “Şikayətdən sonra Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən məsələ ilə maraqlansalar da, daha sonra “bu iş bizlik deyil” deyərək, məsələni bağlayıblar. Məkanın sahibi Əliyar Qasımov heç kimdən qorxmadığını, güvəndiyi adamların olduğunu deyərək 102 xidmətinə də “stop” qoyduracağını və məsələ ilə bağlı istədikləri yerə şikayət etmələrini bildirdi”.

Bina sakinləri Daxili İşlər naziri Vilayət Eyvazova da elektron məktub göndərdiklərini qeyd ediblər: “Oradan isə Elçin adlı şəxsin gəldi, şikayət ərizəsinə baxdı. Lakin, 2 gün sonra həmin şəxs də bu iş mənlik deyil, deyərək geri çəkildi”.

Sakinlər eyni zamanda şikayətlərinin işıqlandırılması üçün müxtəlif KİV-lərə də müraciət etdiklərini və şikayət yayımlandıqdan bir müddət sonra həmin yazıların silindiyini bildirdilər. Məsələ ilə bağlı Yeniavaz.com olaraq Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi ilə əlaqə saxladıq. Telefon zəngimizə cavab verən polis kapitanı Zabit Əliyev faktı təsdiqlədi: “Bəli həmin bina sakinləri bir neçə dəfə bizə şikayət ərizəsi ilə müraciət ediblər. Əraziyə baxış keçirilib. Həmişə olmasa da, bir neçə dəfə həmin obyektdən ətrafa normadan artıq səsin yayıldığı müşahidə olunub. Bununla bağlı protokol tərtib olunub, obyekt cərimələnib. Hal-hazırda tərəflər arasında məhkəmə işi davam edir”.

Əliyar Qasımov kimdir?

Bu ad əslində heç də, Bakı sakinlərinə yad deyil. Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun qalmaqallı şəkildə bağlatdırdığı “26” kafesini işlədən də məhz Ə.Qasımov idi. Kafenin sahibi isə Əliyarın atası Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, professor Ərəstun Qasımov idi. Ailə həmçinin, “Hollivud” restoranlar şəbəkəsini də idarə edir. Əliyar Qasımov sosial şəbəkə hesabında dəbdəbəli həyatını əks etdirən fotoları ilə məşhurdur. Qoşa “Gelandevagen”li Əliyar Qasımov Bakı küçələrində şütüyərkən qısa müddətdə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilmişdi. Ötən ilin oktyabr ayında Əliyar Qasımovun bıçaqlanma xəbəri də yayılmışdı. Ə.Qasımov və bir dostu 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlu tərəfindən bıçaqlanmışdı. Onları bıçaqlayan da elə öz dostları imiş. Həbs edilən Tural Məmmədov isə özünü qismən təqsirli bilib və iki nəfəri bıçaqlamasını özünü müdafiə məqsədi ilə törətdiyini deyib.

Demokrat.az

D
demokrat.az