Türk mətbəxinin sevilən yeməklərindən biri olan soğan dolması həm görünüşü, həm də zəngin dadı ilə diqqət çəkir.
Demokrat.az xəbər verir ki, qiymə, düyü və ədviyyatlarla hazırlanan içlik soğan yarpaqlarına bükülərək bişirilir. Bu ləzzətli yemək ailə süfrələri və xüsusi qonaqlıqlar üçün ideal seçimdir.
Hazırlanma vaxtı: 15 dəqiqə Bişirmə vaxtı: 1 saat Porsiya: 4-6 nəfərlik
Lazım olan ərzaqlar:
* 7 ədəd iri quru soğan * 1 stəkan düyü * 150 qram dana qiyməsi * 1 xörək qaşığı narşərab * 1 kiçik quru soğan * 1 xörək qaşığı pomidor salçası * 1 çay qaşığı şirin bibər salçası * Yarım çay stəkanı zeytun yağı * 1 diş sarımsaq * Dörddəbir dəstə cəfəri * 1 çay qaşığı qırmızı bibər tozu * 1 çay qaşığı quru nanə * 1 çay qaşığı acı pul bibər * 1 çay qaşığı duz * Yarım çay qaşığı qara istiot * Yarım çay qaşığı zirə * Yarım çay qaşığı yenibahar
Üzəri üçün: * 50 qram kərə yağı
Sous üçün: * 1 xörək qaşığı pomidor salçası * 1 xörək qaşığı narşərab * 1 çay qaşığı duz * 2 stəkan isti su
Hazırlanması:
Əvvəlcə soğanların qabığı soyulur və bir tərəfi ortasına qədər kəsilir. Daha sonra isti su olan qazanda təxminən 15 dəqiqə yumşalana qədər qaynadılır.
Yumşalan soğanların suyu süzülür və yarpaqları diqqətlə ayrılır. Soğanların çox və ya az bişirilməməsinə diqqət etmək lazımdır. Çox bişərsə yarpaqlar cırıla bilər, az bişərsə içliklə doldurmaq çətinləşər.
İçlik üçün qiymə, yuyulmuş düyü, xırda doğranmış soğan, salçalar, zeytun yağı, sarımsaq, ədviyyatlar, duz, narşərab və doğranmış cəfəri bir qaba əlavə edilərək yaxşıca qarışdırılır.
Soğan yarpaqlarının bir ucuna içlikdən qoyulur və rulet formasında bükülür. Hazırlanan dolmalar dərin tava və ya soba qabına düzülür.
Ayrı qabda salça, narşərab, duz və isti su qarışdırılaraq dolmaların üzərinə əlavə edilir. Qapağı bağlanaraq 20 dəqiqə bişirilir.
Daha sonra üzərinə kərə yağı parçaları qoyulur və əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirilir.
Üzəri qızaran və suyunu çəkən soğan dolması süfrəyə verilməyə hazırdır.


