Türkiyənin paytaxtı Ankarada Etimesgut Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.
Demokrat.az xəbər verir ki, Ankara Qərb Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Etimesgut Bələdiyyəsinin sədri, tanınmış aktyor Erdal Beşikçioğlu da daxil olmaqla bir sıra şübhəlilər saxlanılıb. Əməliyyat zamanı bələdiyyə binasında və şübhəlilərin ünvanlarında axtarışlar aparılıb.
İlkin məlumata görə, istintaq bələdiyyənin podratçı şirkətlərlə əlaqələri, rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları əsasında aparılır. Prokurorluq bir müddətdir daxil olan şikayətləri araşdırdıqdan sonra əməliyyat qərarı verib.
Qeyd edək ki, Erdal Beşikçioğlu "Behzat Ç." serialındakı komissar obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. O, 2024-cü ildə CHP-nin namizədi kimi Etimesgut Bələdiyyəsinin sədri seçilmişdi.
Hazırda istintaq tədbirləri davam edir. Türkiyə hüquq-mühafizə orqanlarının yaxın saatlarda əməliyyatla bağlı ətraflı rəsmi açıqlama verəcəyi gözlənilir.




