Amerikalı əfsanəvi folk musiqiçisi Linda Perhacsın səkkiz aydır itkin düşdüyü məlum olub. 82 yaşlı sənətçi qocalar evindən buraxıldıqdan sonra onunla əlaqə tamamilə kəsilib.
Demokrat.az xəbər verir ki, müğənninin yaxın dostu Mark MakNill sosial şəbəkədə paylaşım edərək ictimaiyyətdən kömək istəyib. O bildirib ki, Perhacs təxminən səkkiz ay əvvəl qanuni qəyyumunun nəzarəti altında qocalar evindən çıxarılıb. Həmin vaxtdan etibarən nə dostları, nə də uzun illər birlikdə çalışdığı insanlar onunla əlaqə saxlaya biliblər.
MakNillin sözlərinə görə, qəyyumla əlaqə yaratmaq cəhdləri də nəticəsiz qalıb. O, Linda Perhacsın harada olması və ya onunla əlaqə saxlamağın mümkün yolları barədə dəqiq məlumatı olan şəxslərdən müğənninin keçmiş meneceri Laurel Stearns ilə əlaqə saxlamalarını xahiş edib.
Laurel Stearns də "Entertainment Weekly" nəşrinə açıqlamasında bildirib ki, Perhacsın yoxa çıxması musiqi ictimaiyyəti və yaxın çevrəsində ciddi narahatlıq doğurub. Onun sözlərinə görə, vəziyyəti daha da müəmmalı edən məqam sənətçini qocalar evindən çıxaran qanuni qəyyumun kimliyinin dəqiq bilinməməsi və onunla da əlaqə qurmağın mümkün olmamasıdır.
Linda Perhacs 1970-ci ildə stomatoloji gigiyena mütəxəssisi işlədiyi dövrdə buraxdığı "Parallelograms" albomu ilə tanınıb. Albom ilk illərdə böyük uğur qazanmasa da, təxminən 30 il sonra musiqisevərlər tərəfindən yenidən kəşf edilib və kult statusu qazanıb.
Müğənni 2014-cü ildə "The Soul of All Natural Things", 2017-ci ildə isə "I'm a Harmony" adlı albomlarını təqdim edərək yaradıcılığa qayıtmışdı. Hazırda isə onun taleyi ilə bağlı hər hansı rəsmi məlumat yoxdur.


