Elektron imza əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Buna baxmayaraq, bəzi şəxslər rahatlıq naminə elektron imzalarını mühasiblərə, iş yoldaşlarına və ya digər şəxslərə təqdim edirlər. Belə hallarda hüquqi məsuliyyət kimin üzərində qalır və vətəndaşlar sonradan dələduzluq, qanunsuz şirkət qeydiyyatı və ya maliyyə öhdəlikləri ilə üzləşməmək üçün hansı təhlükəsizlik qaydalarına mütləq əməl etməlidirlər?
Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər kimsə öz elektron imzasını başqa şəxsə etibar edibsə, bunun nəticəsində üçüncü şəxslər qarşısında hüquqi məsuliyyət daşıyır.

“Məsələn, şəxs elekrton imzasını kiməsə veribsə, o da bundan istifadə edərək dələduzluq edib və ya başqa hər hansı qanunsuz əməl törədib, nəticədə üçüncü şəxsə ziyan dəyib. Belə halda, əlbəttə ki, həmin şəxs qarşısında hüquqi məsuliyyət mənim üzərimə düşür. Çünki həmin şəxsin elektron imzam oğurlanmayıb, onu özüm könüllü şəkildə başqa şəxsə verib.
Məsələn, həmin şəxsin elektron imzasından istifadə edərək kredit götürübsə, sonradan banka "Bu krediti mən götürməmişəm" deməyim hüquqi baxımdan əsaslı sayılmaya bilər. Çünki elektron imzanı könüllü şəkildə başqa şəxsə təqdim etmişəm.
Bununla yanaşı, mən öz növbəmdə elektron imzamı etibar etdiyim şəxsdən vurulmuş zərərin ödənilməsini tələb edə və ya onun qanunvericiliyə uyğun qaydada hüquqi məsuliyyətə cəlb olunması üçün müraciət edə bilərəm. Çünki o, həmin şəxsin etimadından sui-istifadə edib.
Ona görə də təhlükəsizlik baxımından elektron imzanı mümkün qədər başqa şəxslərə verməmək tövsiyə olunur. Bu zəruri olduqda isə bütün risklər nəzərə alınmalı və maksimum ehtiyatlı davranılmalıdır.
Elektron imza şəxsi identifikasiya vasitəsi olduğundan onun məxfiliyi qorunmalı və üçüncü şəxslərə təqdim edilməsindən çəkinilməlidir”, – deyə ekspert fikrini yekunlaşdırıb.


