Rusiyanın dövlət nüvə korporasiyası "Rosatom"un baş direktoru Aleksey Lixaçov Türkiyədə inşa olunan "Akkuyu" Atom Elektrik Stansiyası (AES) layihəsinin Qərbin ciddi təzyiqləri ilə üzləşdiyini bildirib.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsinə xarici maliyyə institutlarının müqaviməti, Avropanın iri avadanlıq təchizatçılarının əməkdaşlıqdan yayınması və bəzi Qərb dövlət qurumlarının birbaşa əngəlləri mənfi təsir göstərir. Lixaçov qeyd edib ki, bu amillər həm layihənin dəyərinin artmasına, həm də tikinti qrafikində gecikmələrə səbəb olur.

Bununla belə, "Rosatom" rəhbəri vurğulayıb ki, tikinti-quraşdırma və sınaq işləri yüksək templə davam edir. O bildirib ki, ilk enerji blokunda fiziki işəsalma mərhələsinə başlamağa cəmi bir neçə ay qalır və həm Rusiya, həm də Türkiyə tərəfi prosesin sürətləndirilməsi üçün bütün imkanlardan istifadə edir.
Lixaçov əlavə edib ki, Türkiyə hökuməti milli nüvə sənayesini dəstəkləmək məqsədilə qanunvericilik sahəsində yeni addımlar atır. Bu çərçivədə "Akkuyu" layihəsində iştirak edən müəssisələr üçün vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.
Onun sözlərinə görə, tərəflər investisiyaların cəlb edilməsi, istehsalın lokallaşdırılması və gələcəkdə stansiyada istehsal olunacaq elektrik enerjisinin həm Türkiyə bazarında, həm də üçüncü ölkələrə ixracı ilə bağlı müxtəlif mexanizmlər üzərində birgə işləyirlər.
Xatırladaq ki, Aleksey Lixaçov ötən ay "Rosatom"un bu ilin payızında "Akkuyu" AES-in birinci enerji blokuna nüvə yanacağının yüklənməsini və fiziki işəsalma mərhələsini həyata keçirməyi planlaşdırdığını açıqlamışdı. Türkiyənin energetika naziri Alparslan Bayraktar da daha əvvəl birinci enerji blokunun 2026-cı ildə istismara verilməsinin planlaşdırıldığını bildirmişdi.


