Şou-biznes Özəl

"Arka Sokaklar" final edir? — AÇIQLAMA

Arka Sokaklar final edir? — AÇIQLAMA

Türkiyə televiziya tarixinin ən uzunömürlü seriallarından biri olan “Arka Sokaklar”ın başa çatacağı rəsmən açıqlanıb.

Demokrat.az T24-ə istinadən xəbər verir ki, serialın ilk ssenaristi Ozan Yurdakul sosial media hesabında paylaşdığı açıqlamada “D Media” və “Kanal D”nin yeni mövsümdə layihəni davam etdirməmək barədə qərar qəbul etdiyini bildirib.

Yurdakul qeyd edib ki, 2006–2022-ci illərdə “Erler Film”in istehsalı ilə yayımlanan serial daha sonra “D Media”nın prodüserliyi ilə daha üç mövsüm davam edib və 20-ci mövsümünü tamamlayıb.

Onun sözlərinə görə, yeni mövsümün hazırlıq prosesi davam etdiyi vaxt serialın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb. Nəticədə “D Media” və “Kanal D” mövcud vəziyyəti qiymətləndirərək layihəni dayandırmaq qərarına gəlib.

Beləliklə, mərhum Türker İnanoğlunun 2006-cı ildə əsasını qoyduğu serialın ekran həyatı başa çatıb.

Təxminən 20 il və 751 həftə efirdə yayımlanan serialın izləyicilərlə layiqincə vidalaşa bilmədiyini bildirən Yurdakul bunun təəssüf doğurduğunu, eyni zamanda layihənin bu qədər uzun müddət davam etməsinin qürurverici olduğunu vurğulayıb.

"Tamaşaçımızla layiqincə vidalaşa bilməli idik. Təəssüf ki, bu mümkün olmadı. Buna görə əlbəttə ki, məyus olduq. Amma 751 həftə ərzində bu layihəni ayaqda saxlaya bildiyimiz üçün də qürur duyuruq”, deyə ssenarist bildirib.

Ozan Yurdakul serialın ərsəyə gəlməsində əməyi olan kamera önü və arxasındakı bütün əməkdaşlara, həmçinin tamaşaçılara təşəkkür edib.

Jalə

D
demokrat.az