Paytaxt sakinləri və şəhərə gələn qonaqlar üçün taksi tapmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib. Xüsusilə pik saatlarda sifarişlərin gec qəbul edilməsi, qiymətlərin artması və avtomobil çatışmazlığı sərnişinlərin narazılığına səbəb olur. Belə ki, taksi sayının azalması şəhərin nəqliyyat sisteminə də təsirsiz ötüşmür.
Bakının taksi problemini kökündən necə həll etmək olar?
Nəqliyyat eksperti Yasin Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki,əslində, taksilərin sayına limit qoyulmasının əsas məqsədi küçə və prospektlərdə avtomobillərin sayını azaltmaq, insanları isə ictimai nəqliyyatdan istifadəyə təşviq etməkdir:
“Əgər taksilərin sayı məhdudlaşdırılmasa, çağırış edilən kimi hər yerdə taksi əlçatan olar, lakin bunun nəticəsində yollarda nəqliyyat vasitələrinin sayı daha da artar və tıxaclar dərinləşər. Dünya təcrübəsi də göstərir ki, taksi fəaliyyətinin müəyyən həddə tənzimlənməsi vacibdir. Vaxtilə 70 minə yaxın taksi var idi. Əgər limit tətbiq olunmasaydı, bu rəqəm bəlkə də 170 minə çatardı. Halbuki küçə və prospektlərin buraxılış qabiliyyəti bu qədər avtomobili qəbul etmir”.
Ekspert əlavə edib ki, ictimai nəqliyyatın hələ tam optimal və hər yerdə əlçatan olmadığı barədə fikirlər var:
“Bu müəyyən mənada doğrudur. Ancaq həmin istiqamətdə də kompleks tədbirlər həyata keçirilir. Bir tərəfdən taksilərin sayı tənzimlənir, digər tərəfdən isə ictimai nəqliyyat inkişaf etdirilir. Avtobus zolaqları yaradılır, yeni avtobuslar alınır və digər layihələr icra olunur. Əgər taksidən istifadəni daha da asan və əlçatan etsək, bunun nəticəsində yollarda avtomobillərin sayı artacaq və tıxac problemi daha da kəskinləşəcək. Buna görə də məqsəd insanların daha çox ictimai nəqliyyata üstünlük verməsini təmin etməkdir”.


