Hadisə

Arzum ev dustaqlığına buraxılıb — YENİLƏNİB

Arzum ev dustaqlığına buraxılıb — YENİLƏNİB

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, hüquqi varisi və nümayəndəsi iştirak etməyib.

Müdafiə vəkilləri vəsatət verərək İlduzə Hacıyevanın ev dustaqlığına buraxılmasını xahiş edib.

Bundan başqa, ilkin baxış iclasının istintaqla aparılması xahiş edilib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini təklif edib.

Məhkəmədə qərar elan olunub. Qərara əsasən, İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Ona sosial şəbələkdən istifadə ("Whatsapp"da ailəsi ilə danışmaq istisna olmaqla) qadağan olunub.

Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Məlumata görə, İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

*** 10:49

20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır.

Demokrat.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Arzum indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.

Tiktokerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplanıblar.

Arzumun hökmü iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib. Lakin müttəhim qəzanın baş verməsinə görə özünü qətiyyən təqsirli saymır, günahsız olduğunu bildirir.

Onun vəkilləri də bu əsasla apellyasiya şikayəti veriblər. Şikayətdə Arzumun bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən qəzaya səbəbkar olmadığı, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamedici hökm çıxardığı qeyd olunub.

Müdafiə tərəfinin hansı əlavə dəlil və sübutlarla çıxış edəcəyi hələlik bilinməsə də, tələbləri bəraət qərarı verilməsidir.

Əldə etdiyimiz məlumata görə, zərərçəkmiş tərəf də son gündə hökmdən apellyasiya şikayəti verib. Amalın həyat yoldaşı Sənubər Muradova Arzumun cəzasının ağırlaşdırılmasını tələb edir.

Arzumun şikayətinə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. Birinci iclas saat 10:45-də başlamalıdır.

Qeyd edək ki, Arzumun təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Amalın hüquqi varisi və həyat yoldaşı Arzumla barışmayıb, onun qanunauyğun cəzalandırılmasını tələb ediblər. Arzumun məhkəmə zalında həbs edilməsi cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan qəza görüntüləri ətrafında hüquqşünaslar, nəqliyyat üzrə ekspertlər və müxtəlif sahələrin nümayəndələri arasında müzakirələr aparılıb. Bir çoxları qəza anının görüntülərini analiz edərək Arzumun hadisədə təqsirli olub-olmaması ilə bağlı fərqli mövqelərdən çıxış ediblər.

Demokrat.az

D
demokrat.az