Gəncə şəhərində qadının qeyri-rəsmi münasibətdə olduğu kişini bıçaqlaması ilə bağlı məhkəmə qərarı açıqlanıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Əfsanə (ad şərtidir) qeyri-rəsmi münasibətdə yaşadığı Zöhrabla (ad şərtidir) ailə-məişət zəminində mübahisə edib. İstintaq materiallarına əsasən, münaqişə zamanı Zöhrab qadını döyərək onun sağlamlığına yüngül xəsarət yetirib.
Bundan sonra Əfsanə mətbəxdən götürdüyü bıçaqla Zöhrabın döş qəfəsinə bir dəfə zərbə vurub. Nəticədə zərərçəkmiş ağır bədən xəsarəti alıb.
Faktla bağlı Əfsanəyə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Əfsanə özünü təqsirli bilsə də, hadisənin qəsdən baş vermədiyini bildirib.
Onun sözlərinə görə, hadisə zamanı mətbəxdə çörək doğrayırmış:
"Mən çevrilən zaman bıçaq təsadüfən Zöhraba dəydi. Əvvəlcə xəsarətin ciddi olmadığını düşündük. Yaraya dərhal antiseptik məhlul çəkdim. Ondan ağrısının olub-olmadığını soruşdum. O da heç nə olmadığını dedi. Bir qədər sonra yara qanamağa başladı. Mən təcili tibbi yardım çağırmaq istədim. O isə buna ehtiyac olmadığını bildirsə də, yenə də təcili yardım çağırdım."
Əfsanə əlavə edib ki, hadisə baş verən zaman aralarında mübahisə olmayıb.
Zərərçəkmiş Zöhrab da məhkəmədə verdiyi ifadəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib:
"Mətbəxə daxil olanda Əfsanə çörək doğrayırdı. Mən ona yaxınlaşarkən qəfil geri döndü və əlindəki bıçaq döş qəfəsimə batdı. Xəsarətim ciddi olmadı."
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsanə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Məhkəmə eyni zamanda Cinayət Məcəlləsinin 79.1-ci maddəsini tətbiq edərək, təqsirləndirilən şəxsin 2019-cu il təvəllüdlü övladı 14 yaşına çatanadək cəzanın icrasını təxirə salıb.
Bundan başqa, Əfsanə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub.


