Maraqlı Özəl

Günəş eynəyi alarkən bu səhvi etməyin — Həkimdən xəbərdarlıq

Günəş eynəyi alarkən bu səhvi etməyin — Həkimdən xəbərdarlıq

Yay aylarında günəş şüalarının təsirinin artması ilə göz sağlamlığını qorumaq üçün günəş eynəyindən istifadə daha da önəm qazanır. Lakin mütəxəssislərin sözlərinə görə, bir çox insan günəş eynəyi seçərkən yanlış meyarlara üstünlük verir. Şüşənin tünd rəngli və ya qütbləşdirilmiş (polarizə) olması onun təkbaşına zərərli ultrabənövşəyi (UV) şüalardan qoruduğu anlamına gəlmir.

Demokrat.az xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, dosent doktor Göksan Özgür yay aylarında günəş eynəyi seçimi, kontakt linzalardan istifadə və göz gigiyenası ilə bağlı diqqət edilməli məqamları açıqlayıb.

Doktor Özgür günəş eynəyi alarkən ən vacib meyarın 100 faiz UV qoruması olduğunu bildirib. O, tünd rəngli şüşələrin təkbaşına gözü qorumadığını vurğulayıb.

Mütəxəssis qütbləşdirilmiş şüşələrin isə yalnız əks olunmaları azaltmaqla görmə rahatlığını artırdığını, bunun isə UV qoruması anlamına gəlmədiyini qeyd edib.

Xüsusilə avtomobil idarə edərkən, dəniz kənarında və ya qarlı ərazilərdə qütbləşdirilmiş şüşələrin üstünlük təmin etdiyini bildirən Özgür, göz sağlamlığı baxımından əsas seçimin sertifikatlı və 100 faiz UV filtrinə malik məhsullar olmalı olduğunu deyib.

Yay aylarında ən çox verilən suallardan birinin kontakt linza ilə dənizə və ya hovuza girilib-girilməməsi olduğunu bildirən doktor Özgür bu vərdişin ciddi infeksiya riskinə səbəb ola biləcəyini söyləyib.

Mütəxəssis dəniz və hovuz suyunda olan bakteriya, göbələk və digər mikroorqanizmlərin kontakt linzaya yapışaraq buynuz qişada ciddi infeksiyalara səbəb ola biləcəyini bildirib.

Eyni səbəbdən linza ilə duş qəbul edilməməli olduğunu qeyd edən Özgür, istifadə müddəti bitməsə belə 15 günlük və ya aylıq linzalarla yatmağın göz sağlamlığı üçün təhlükə yaratdığını xatırladıb.

Cəmiyyətdə geniş yayılan "yayda göz əməliyyatı olunmaz" düşüncəsinin doğru olmadığını bildirən doktor Özgür lazer müalicələrinin, katarakt və göz qapağı əməliyyatlarının ilin bütün dövrlərində təhlükəsiz şəkildə həyata keçirilə biləcəyini deyib.

Əməliyyatdan sonra ən vacib məqamın həkim tövsiyələrinə əməl etmək olduğunu vurğulayan mütəxəssis, xüsusilə katarakt əməliyyatından sonra ilk günlərdə gözə su düşməsinin qarşısının alınmalı olduğunu bildirib.

Bahar və yay aylarında uşaqlarda göz allergiyalarının daha çox müşahidə edildiyini qeyd edən Özgür, gözlərdə qaşınma başladıqda onları ovuşdurmağın vəziyyəti daha da ağırlaşdıra biləcəyini deyib.

Qızartı, sulanma və qaşınma kimi əlamətlər müşahidə edildikdə göz xəstəlikləri üzrə mütəxəssisə müraciət edilməli olduğunu bildirən Özgür aktiv allergiya dövründə gigiyena qaydalarına diqqət yetirməyi və hovuz istifadəsini həkim məsləhətinə uyğun planlaşdırmağı tövsiyə edib.

Mütəxəssislər uşaqların gün ərzində açıq havada vaxt keçirməsinin göz inkişafı üçün vacib olduğunu, lakin zərərli günəş şüalarından qorunmanın da unudulmamalı olduğunu bildirirlər.

Xüsusilə miopiya problemi olan uşaqlarda açıq havada vaxt keçirməyin faydalı olduğu qeyd edilir. Bu müddətdə isə 100 faiz UV qorumasına malik günəş eynəklərindən istifadə tövsiyə olunur.

Günəş eynəyi seçərkən uşağın yaşı, göz quruluşu və görmə problemi olub-olmaması nəzərə alınmalı, mütəxəssis məsləhətinə üstünlük verilməlidir.

Jalə

D
demokrat.az