Türkiyəli aktyor Oktay Kaynarca illər əvvəl “Kurtlar Vadisi” serialında canlandırdığı Süleyman Çakır obrazının hər il 8 apreldə anılması ilə bağlı təəccübünü bölüşüb.
Demokrat.az xəbər verir ki, o, Murat Yeterle "Folk Söhbətləri" proqramının qonağı olub.
Aktyor bildirib ki, “Kurtlar Vadisi" serialındakı Süleyman Çakır obrazı hələ də unudulmayıb. Onun sözlərinə görə, 8 aprel 2004-cü ildən etibarən hər il obrazın "ölüm ildönümü"ndə sosial şəbəkələrdə bu mövzu yenidən gündəmə gəlir, qiyabi cənazə namazı qılınır və halva paylanılır.
Kaynarca vəziyyətə yumorla yanaşaraq deyib: "8 aprel gələndə səhər oyanıb baxıram ki, yenə aləm bir-birinə dəyib. Mən də bu ab-havaya qoşulub sevənlərinə başsağlığı verirəm. Qardaş, mən heç cür ölə bilmirəm".
Aktyor məktəb illərindən də danışaraq bildirib ki, liseydə zəif oxuduğu üçün ailəsi ona intizam aşılamaq məqsədilə yük avtomobili istehsal edən zavoda işləməyə göndərib: "Yük avtomobili zavodunda elektrik xəttində işə başladım. İş geyimini geyinib altı ay işlədim. Amma etdiyim zarafatlar ucbatından konveyerdə iş dayanırdı, yük avtomobilləri vaxtında yığılmırdı. Sonda "Bunu buradan aparın" deyib məni işdən çıxardılar. Yaxşı ki, belə oldu. Sonra konservatoriyanın qəbul imtahanlarına girdim".


