Kriminal Özəl

Kirayənişin ev sahibini qeyri-rəsmi yaşadığı qadına görə döydü

Kirayənişin ev sahibini qeyri-rəsmi yaşadığı qadına görə döydü

Bakının Binəqədi rayonunda 32 yaşlı kişi kirayə qaldığı evin sahibinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 23-də rayonun Biləcəri qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Ağdam rayon sakini Elmir həmin gün saat 20 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində həmin evin sahibi Aqil (adlar şərtidir – red.) ilə mübahisə edib.

Onların mübahisəsinə səbəb isə Elmirin həmin evdə qeyri-rəsmi münasibətdə yaşadığı Səmayə ilə kobud danışmasına Aqilin etiraz etməsi olub. Mübahisə zamanı Elmir Aqilin baş nahiyəsinə butulka şüşəsi ilə qəsdən vuraraq onun gözaltı nahiyəsində və göz qapaqlarında xəsarətlər yetirib.

Faktla bağlı Elmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Elmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 23-də işdən evə gəlib:

“Həmin gün saat 20 radələrində özümə marketdən “Yaquar” adlı spirtli enerji içkisi və siqaret qutusu alaraq evin həyətində masanın yanında oturdum. Həmin vaxt kirayə yaşadığım evin sahibi Aqil də orada əyləşmişdi. Mən spirtli içkini içəndə Aqil də spirtli içki içmək istədiyini və gedərək pivə almağımı istədiyini bildirdi. Bundan sonra yaxınlıqdakı mağazadan 2 litrlik “Əfsanə” adlanan pivəni aldım. Daha sonra həmin pivəni içəndən sonra marketə getdim və yenidən 1 litrlik araq aldım. Biz arağı da içəndən sonra mənim qeyri-rəsmi münasibətdə olduğum Səmayə əlində içərisində pivə olan stəkanla evdən həyətə çıxdı. Mən Səmayənin əlindəki pivəni özümə verməsini istədim. O, da həmin içərisində pivə olan stəkanı mənə verərək getdi”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Səmayə evdən çıxaraq gedib:

“Bu zaman Aqil mənə Səmayədən niyə pivə istədiyimi, lazım olsa 5 litr pivə alacağını bildirdi. Mən isə ona işimə qarışmamağını bildirdim. Lakin Aqil yenə də mənə Səmayə ilə bağlı sözlər dedi. Mən içkili vəziyyətdə olduğum üçün özümdən asılı olmayaraq ayağa durdum və masanın üzərindəki 1 litrlik araq butulkasını götürərək oturmuş vəziyyətdə olan Aqilin baş nahiyəsinin sağ hissəsinə vurdum. Daha sonra dərhal həyətdən çölə çıxdım”.

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmirin barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az